BAKI, 8 oktyabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsinin genişlənərək daha təhlükəli regional müharibəyə çevrilməsi riski mövcuddur”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Bu, çox təhlükəli müharibədir. Son dərəcə təhlükəli müharibədir, çünki açıq desək, hazırda vəziyyət dalana dirənib və belə hallar çox təhlükəlidir. Çünki bundan çıxmağın yalnız iki yolu var: birinci variant danışıqlar yolu ilə nizamlanmanı nəzərdə tutur və bu zaman sülhə nail olmaq üçün tərəflərin hər biri müəyyən güzəştlərə getməli olacaq. Dalandan çıxmağın digər yolu eskalasiyadır. Tərəflərdən biri və ya hər ikisi qarşı tərəfi məğlub etməyə və dalandan çıxmağa çalışaraq öz addımlarını gücləndirir və bu, çox təhlükəlidir”, - o, Portuqaliyada jurnalistlərə söyləyib.
Rubionun fikrincə, belə eskalasiya daha genişmiqyaslı və daha təhlükəli regional müharibəyə çevrilə bilər.
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton müharibənin danışıqlar yolu ilə dayandırılması səylərini davam etdirəcək.






