BAKI, 10 oktyabr. TELEQRAF
Böyük Britaniyada büdcə vəsaitlərinə qənaət məqsədilə hərbi təlimlərin ləğv edilməsi ordunun zirehli tank bölmələrinin döyüş hazırlığına mənfi təsir göstərib. Nəticədə ölkənin tanklarının təxminən üçdə biri komandirsiz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Britaniya ordusunun istifadəsində təxminən 150 ədəd “Challenger 2” tankı var. Lakin onların 50-yə yaxınının komandiri yoxdur.
Planlaşdırılırdı ki, Britaniya Quru Qoşunlarının 3-cü diviziyasında xidmət edən hərbçilər “Cyclone” təlimlərinin yekununda müvafiq ixtisas hazırlığını tamamlayacaqlar.
Ancaq Uelsdə “Challenger 2” tankları və “Apache” hücum helikopterlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan altı həftəlik döyüş atışları təlimi 30 milyon funt sterlinqə (39,7 milyon dollar) qənaət etmək məqsədilə ləğv olunub.
“The Times” qəzetinin daha əvvəl yaydığı məlumata görə, həmin təlimlərlə əlaqədar ehtiyatda olan hərbçilərin hazırlığı da son anda dayandırılıb.
“Bu o deməkdir ki, hazırda cəmi 100-ə yaxın tank döyüşə hazır vəziyyətdə ola bilər, texnikanın üçdə biri isə istifadədən kənarda qalır. Üçüncü diviziyada şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti son dərəcə aşağıdır. Təlim keçmək imkanı yoxdursa, zirehli tank diviziyasında xidmət etməyin nə mənası var?” – hərbi mənbə bildirib.
Mənbə əlavə edib ki, orduda artıq şəxsi heyət yoxdur və hərbi qulluqçular yalnız qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan sayda hazırlanırlar.
“Əgər hərbçilər lazımi hazırlıq keçməyiblərsə, onların xidmət etdiyi bölmələr tam fəaliyyət göstərə bilmir. Bu isə ordunun əməliyyat imkanlarını zəiflədir”, – mənbə vurğulayıb.
Bununla belə, Britaniya ordusunun rəsmi nümayəndəsi qəzetin məlumatlarını təkzib edib.
O bildirib ki, “Challenger 2” tanklarının ekipajlarla təminatında heç bir problem yaranmayıb və Böyük Britaniya zərurət yaranacağı təqdirdə NATO-ya dəstək məqsədilə zirehli tank bölmələrini yerləşdirmək imkanını qoruyub saxlayır.
Nəşr xatırladır ki, Britaniyada müdafiə xərclərinin 2030-cu ilədək ümumi daxili məhsulun 3 faizinə çatdırılması ilə bağlı əvvəlki hədəfin yerinə yetirilməsi də sual altındadır.





