BAKI, 26 oktyabr. TELEQRAF
“Düşünürəm ki, biz bu qrupu ikinci pillədə başa vuracağıq. Əsas hədəfimiz axşamkı oyuna köklənməkdir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov FIFA U15 dünya çempionatının qrup mərhələsində İsraillə (3:1) oyundan sonra deyib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirərkən dünənki məğlubiyyətdən sonra futbolçuların ruhdan düşmədiyini vurğulayıb: “Düşünürəm ki, layiqli qələbə qazandılar. Dünənki məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşdılar və geri dönüş edə bildilər. Düşünürəm ki, uşaqlar təzyiqin öhdəsindən gələ bildilər. Bizi sevindirən amillərdən biri də budur”.
Baş məşqçi qrupda ikinci yer uğrunda mübarizəyə də toxunub. O, Azərbaycan və Haiti komandalarının hər birinin 9 xala malik olduğunu xatırladıb: “Hazırkı vəziyyətdə qrupu böyük ehtimalla Avstraliya komandası lider kimi başa vuracaq. Bizim də, Haiti komandasının da 9 xalı var. İkincilik uğrunda mübarizə aparırıq. Bu baxımdan axşamkı oyunun əhəmiyyəti böyükdür. İstənilən heç-heçə və ya qələbə nəticəsində qrupu ikinci pillədə başa vuracağıq. Buna fokuslanmışıq”.
Mütəxəssis növbəti mərhələdəki mübarizə ilə bağlı da danışıb: “B qrupunun tərkibi bəlli olduqdan sonra həmin qrupda mübarizəmizi davam etdirəcəyik. Orada da beş oyunumuz olacaq”.
Baş məşqçi heyətdəki əvəzetmələrin səbəbini də açıqlayıb. O bildirib ki, bu qərarlar həm növbəti oyunu nəzərə almaq, həm də digər futbolçulara şans vermək məqsədi daşıyıb: “Hər ikisini demək olar. Həm axşamkı oyun üçün balanslı hərəkət etməyi düşünürdük, həm də digər uşaqlara bərabər oyun vaxtı vermək istəyirik”.
Mütəxəssis futbolçuların inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayıb: “Əlbəttə ki, ilk növbədə futbolçuların inkişafını düşünürük. Yanımızda olan 14 futbolçunun hamısının inkişaf etməsini istəyirik. Çalışırıq ki, bizimlə olduqları müddətdə bərabər oyun şansı qazansınlar”.
Komandanın turnirdəki perspektivlərini də dəyərləndirən baş məşqçi bildirib ki, yekun qiymətləndirmə üçün növbəti oyunun nəticəsi və rəqiblərin müəyyənləşməsi vacibdir: “Şanslarımızı axşamkı oyundan sonra daha dəqiq müəyyənləşdirmək olar. Çünki hansı qrupa düşəcəyimiz çox önəmlidir. Düşünürəm ki, biz bu qrupu ikinci pillədə başa vuracağıq. Buna ümid edirəm. İkinciliklə başa vuran komandaları da təhlil etdikdən sonra növbəti mərhələ ilə bağlı fikirləşmək olar. Əsas hədəfimiz axşamkı oyuna köklənməkdir”.
Çempionatın favoriti barədə danışan mütəxəssis isə konkret komandanı önə çəkməyib: “Mən deməzdim ki, konkret favorit var. Çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var”.





