BAKI, 27 oktyabr. TELEQRAF
"Azərbaycançılıq ideologiyası Azərbaycan xalqını birləşdirən, milli həmrəyliyi möhkəmləndirən və dövlətçiliyimizin əsaslarını qoruyan mühüm ideoloji sistemdir. Bu ideologiyanın müasir dövlətçilik səviyyəsində formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi siyasi və iqtisadi çətinliklər fonunda Heydər Əliyev Azərbaycançılığı ümumi milli məqsədlər ətrafında birliyin əsasına çevirdi.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycançılığın mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə yaşayan hər kəs etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq özünü Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı hesab edir:
"Bu ideologiya azsaylı xalqları və etnik qrupları vahid dövlətçilik ideyası ətrafında birləşdirir, onların milli-mədəni xüsusiyyətlərinə hörmətlə yanaşılmasını nəzərdə tutur. Onun əsas prinsipləri milli kimlik, vətənpərvərlik, suverenlik, tarixi yaddaş və ümumi məsuliyyətdir. Bu baxımdan Azərbaycançılıq yalnız ideoloji yanaşma deyil, həm də cəmiyyətin həmrəyliyini təmin edən və dövlətin inkişafına istiqamət verən qurucu sistemdir.
Azərbaycançılıq ideologiyasının əsas gücü müxtəlif xalqları və fərqli dünyagörüşlərini vahid dövlətçilik məqsədi ətrafında birləşdirməsindədir. Bu ideologiyanın qorunması milli həmrəyliyin gücləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından vacibdir. Azərbaycanın gələcək inkişafı da milli iradənin, ortaq dəyərlərin və dövlətçilik maraqlarına sədaqətin qorunmasından asılıdır.
Müasir dövrdə milli birliyin qorunması ideoloji təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır. Əgər əvvəllər dövlətlərin müstəqilliyinə əsas təhlükə hərbi müdaxilə idisə, bu gün ideoloji təsir, informasiya manipulyasiyası və cəmiyyətdə süni qarşıdurmalar yaratmaq cəhdləri də ciddi risklər yaradır. Bəzi dövlətlərin başqa ölkələrə öz siyasi və ictimai modellərini qəbul etdirməyə çalışması yolverilməzdir. Hər bir dövlət öz inkişaf yolunu müstəqil müəyyən etməlidir. Başqa ölkələrə dərs verməyə çalışanlar ilk növbədə öz problemlərinə nəzər salmalı, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və suverenlik prinsipinə əməl etməlidirlər.

İdeoloji təhlükəsizliyin qorunması fərqli fikirlərin məhdudlaşdırılması deyil, cəmiyyətin milli maraqları dərk etməsi, yanlış məlumatları ayırd etməsi və dövlətin gələcəyi üçün məsuliyyət daşıması deməkdir. Bu istiqamətdə təhsilin, maarifləndirmənin və milli dəyərlərin gələcək nəsillərə ötürülməsinin rolu böyükdür".
Deputat bildirib ki, Azərbaycanın tarixi təcrübəsi beynəlxalq münasibətlərdəki ikili standartların yaratdığı problemləri də aydın göstərir:
"Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin uzun illər işğal altında qalması beynəlxalq hüququn icrasında ciddi çatışmazlıqları üzə çıxardı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə uzun müddət icra olunmadı. Bu fakt göstərdi ki, beynəlxalq hüquq yalnız sənədlərdə qalmalı deyil, onun tələbləri real siyasi iradə ilə həyata keçirilməlidir.
Azərbaycan nümunəsi sübut etdi ki, təcavüzün qarşısının alınması, dövlətlərin ərazi bütövlüyünə hörmət və münaqişələrin ədalətli həlli davamlı sülhün əsas şərtləridir. Özünü başqa xalqlardan üstün tutmaq, cəzasızlığa arxalanmaq və beynəlxalq qərarları görməzdən gəlmək müharibələrə yol açan əsas amillərdəndir. Buna görə də BMT və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin gücləndirilməsi zəruridir".
Vasif Qafarov hesab edir ki, müstəqilliyin bərpasından sonrakı 35 il ərzində Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə edib: "Dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi və ərazi bütövlüyünün bərpası ölkəmizin beynəlxalq mövqeyini gücləndirib. Bununla yanaşı, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına və müxtəlif dövlətlər arasında əməkdaşlığın genişlənməsinə də töhfə verir.
2026-cı ildə Bakıda keçirilən SİCA-nın VII Zirvə görüşü, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edilməsi və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsinin nəzərdə tutulması ölkəmizin artan beynəlxalq nüfuzunu göstərən mühüm nümunələrdir. Bu tədbirlər Azərbaycanın müxtəlif siyasi və mədəni məkanlar arasında dialoq qurmaq imkanlarını nümayiş etdirir. Ölkəmizin siyasi təcrübəsi, infrastrukturu və beynəlxalq əməkdaşlıq əlaqələri bu rolun möhkəmlənməsi üçün ciddi zəmin yaradır".




