Ölkə.az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı reportajda bildirilib.
Materialda qeyd olunub ki, forumunun açılışında Azərbaycan lideri önəmli bəyanatlarla çıxış edib.
Qeyd olunur ki, Vaşinqtonda baş tutan tarixi zirvə görüşünü xatırladan dövlət başçısı Ermənistanla davam edən sülh prosesi barədə fikirlər səsləndirib:
"Müqavilənin imzalandığı məkan çox rəmzi məna daşıyır. Bu, Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanıb. Eyni zamanda birgə bəyannaməyə də imza atılıb. ABŞ prezidenti bu sənədi şahid qismində imzaladı. Beləliklə, biz təkcə ədaləti bərpa edərək torpaqlarımızı azad etmədik, həm də müstəqil Cənubi Qafqaz dövlətlərinin tarixində indiyədək mövcud olmayan tamamilə yeni bir reallıq formalaşdırdıq. Bundan əlavə, bu yeni gerçəkliyi Ağ Evdə rəsmiləşdirdik".
Materialda vurğulanır ki, Azərbaycanın Qarabağdakı zəfəri ilə regionda yeni vəziyyət yaratdığını önə çəkən İlham Əliyev, müharibədən əvvəl başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasında necə aciz qaldıqlarını bir daha xatırladıb:
"Biz özümüzü müdafiə etdik, düşmənə qalib gəldik, 32 il erməni işğalında qalan ərazilərimizi azad etdik, ədaləti bərpa edərək ləyaqətimizi geri qaytardıq və beynəlxalq hüququn tələblərini yerinə yetirdik. Bununla da erməni qoşunlarının torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-cü il tarixli BMT Təhlükəsizlik Şurası qətnamələrini şəxsən özümüz icra etdik. Lakin bu qətnamələr 30 il ərzində sadəcə kağız üzərində qalmışdı".
"Haber Global"ın reportajında vurğulanır ki, Azərbaycanın uğurlu və dayanıqlı inkişafının təməlində cəmiyyətdəki həmrəylik və harmoniyanın dayandığını ifadə edən Prezident İlham Əliyev ölkənin multikultural təbiətinə diqqət çəkib:
"Azərbaycan tarix boyu hər zaman multikultural bir dövlət olub. Biz Avropa ilə Asiyanın kəsişməsində yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya və Avropa arasında mədəni körpü rolunu oynayıb. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri xalqımızın əsrlərdir qoruyub saxladığı və yüksək qiymətləndirdiyi dəyərlərdir".





