Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır.
Bəs abituriyent universitet seçərkən ilk növbədə nəyə üstünlük verməlidir - universitetin reytinqinə, seçdiyi ixtisasa, yoxsa gələcək iş imkanlarına?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, ali təhsil müəssisələrini seçən, ali təhsil almaq istəyən tələbələrin əksəriyyəti arzuladıqları ixtisasa düşə bilmirlər:
“Bu da onunla bağlıdır ki, Azərbaycanda arzuladığı peşəni seçmək hər zaman mümkün olmur.
Çünki tələbə topladığı bala görə ixtisas seçimində iştirak edir və onun fəaliyyəti müəyyən qruplarla məhdudlaşdırılır. Ona görə də bu məsələdə ali təhsil müəssisələrini seçmiş tələbələr müəyyən mənada şanssızdırlar.
Qaldı ki, əmək bazarı nəyi diktə edir, əlbəttə ki, bu gün əmək bazarına çıxan hər bir şəxs, ilk növbədə, həmin standartlara cavab verməlidir. Əmək bazarının tələbləri bu gün bir qədər ağırdır. Çünki ali təhsil müəssisələrini bitirən məzunlar bu gün aktual olan ixtisaslar üzrə əmək bazarına yaxşı kadr kimi çıxa bilmirlər. Ona görə də məcbur olurlar ki, təhsildən kənar əlavə kurslar alsınlar.
Məsələn, bu gün əmək bazarında ən aktual və işçi qüvvəsinə ehtiyac olan sahələrdən biri informasiya texnologiyaları sahəsidir. Təəssüf ki, bizim ali təhsil müəssisələrimiz bu sahə üzrə tam mənada kadr yetişdirə bilmir. Onlar əlavə dəstək almasalar, yəni xüsusi peşəkar təlimçilərdən təlim keçməsələr, əmək bazarında özlərinə yer tapa bilmirlər.
Əlbəttə ki, yaxşı bal toplamış tələbələr universitetdən məzun olanda artıq müəyyən qədər iddialı olurlar ki, hansı sahə və hansı ixtisas üzrə özlərinə iş tapa biləcəklər. Bunun üçün də yaxşı olar ki, əvvəlcədən, heç olmasa, ixtisas seçərkən planlaşdırsınlar ki, əmək bazarında çalışmaq istədikləri sahə ən azı 5 il ərzində rəqabətə davam gətirə bilsin.
Çünki biz bilirik ki, süni intellekt sürətlə işçilərin ixtisarına səbəb olur. Ona görə də özünü inkişaf etdirmək istəyən məzun artıq yalnız valideynlərinin arzusuna və istəyinə görə deyil, özünün bacara biləcəyi peşələr üzrə istiqamətlənməlidir.
Xüsusilə də bugünkü əmək bazarında informasiya texnologiyaları kimi sahələrə diqqət yetirmək lazımdır. Hələ nə qədər qəribə səslənsə də, hüquq bu gün prestijli ixtisaslardan biridir. Çünki bilirsiniz ki, vəkillik geniş yayılan sahələrdəndir.
Mən sizə deyim ki, gələcək üçün artıq kənd təsərrüfatı sahəsi də kifayət qədər populyar bir sahə olacaq. Məsələn, zoobaytarlıq, zootexniklik, aqronomluq kimi ixtisaslar da inkişaf edən sahələr sırasına daxil olur.
Ona görə də abituriyentlər daha çox bu sahələri nəzərə almalıdırlar”.

