Təhsil · BiG.az

Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kənd məktəblərinə fərqli baxış: Məhdudiyyətlər və imkanlar xəbəri üçün şəkil

"Kənd məktəbi" ifadəsini eşidəndə bəzilərinin ağlına dərhal imkanları məhdud olan məktəb gəlir. Şagird sayı azdır, bəzi resurslar məhduddur, şəhərdəki qədər seçim yoxdur. Bu çətinliklərin bir hissəsi həqiqətən mövcuddur. Lakin kənddə təhsil alan uşağın keyfiyyətli təhsil almaq imkanlarının şəhərdəki həmyaşıdlarından aşağı olması tamam başqa məsələdir.

Kənd məktəblərinin öz üstünlükləri də var. Müəllim şagirdlərini daha yaxından tanıya, ailələrlə daha asan əlaqə qura və məktəbin kənd həyatındakı rolunu daha fəal şəkildə həyata keçirə bilər. Şagird sayı az olan siniflərdə müəllimin hər bir uşağa fərdi yanaşmaq və daha çox vaxt ayırmaq imkanı da artır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, burada əsas məsələ imkanın olub-olmamasından çox, mövcud imkanlardan necə istifadə edilməsidir. Müasir texnologiyalar bəzi fərqləri əvvəlki illərlə müqayisədə xeyli azaldıb. Şagird internet vasitəsilə müxtəlif dərs materiallarına, elektron kitabxanalara, mühazirələrə və digər tədris resurslarına çıxış əldə edə bilir. Əlbəttə, internetin mövcudluğu öz-özlüyündə yaxşı nəticə yaratmır. Bunun üçün şagirdə düzgün istiqamət verən müəllim və həmin imkanlardan istifadə etmək istəyən uşaq da lazımdır:

"Kənd məktəbində çalışan müəllimin məsuliyyəti də böyükdür. O, şagirdə "sən kənddə oxuyursan, imkanların azdır" düşüncəsini aşılamamalıdır. Əksinə, uşağa göstərməlidir ki, onun qarşısında müxtəlif seçimlər var və həmin seçimlərə çatmaq üçün çalışmaq, öyrənmək və öz üzərində işləmək lazımdır.

Kənd məktəblərinin nəticələrini şəhər məktəbləri ilə müqayisə etmək müəyyən məlumat verə bilər, lakin bu, bütöv mənzərəni əks etdirmir. Məktəbin hansı şəraitdə fəaliyyətə başladığını, hansı problemlərlə üzləşdiyini və bir neçə il ərzində nə qədər inkişaf etdiyini də nəzərə almaq lazımdır. Bəzən kiçik bir məktəbdə əldə olunan nəticə böyük məktəbdəki göstəricidən daha çox zəhmət və səy tələb edir.

Kənd məktəbi yaxşı fəaliyyət göstərdikdə onun təsiri yalnız məktəbin daxilində qalmır. Orada yetişən uşaq bir neçə ildən sonra həmin kəndin müəllimi, həkimi, mühəndisi, sahibkarı və ya başqa bir peşə sahibi ola bilər. Məktəb kəndin gələcəyinə təsir edən ən mühüm məkanlardan biridir və ona məhz bu baxışla yanaşmaq lazımdır".






BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑