...ABŞ ordusu üçün Ukraynadakı müharibənin əsas dərsi hərbi texnika və qoşunların daim mövqelərini dəyişməli olması və yerini dəyişə bilməyən şeylərin daha yaxşı kamuflyaj edilməsidir.
Amerikalı komandirlər dronların demək olar ki, daimi hədəf əldə etməyə imkan verdiyini nəzərə alaraq bölmə təlimlərini yenidən qururlar və statik mövqeləri asan hədəflərə çevirirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The War Zone yazır.
...“Düşmən sizi görə bilirsə, sizi vura bilər”, - deyə Sakit Okeandakı ABŞ Ordu Qüvvələrinin komandanı general Ron Klark bildirib.
O, qeyd edib ki, daimi hava müşahidəsi mühitində hərəkətlilik və gizlənmə kritik bacarıqlara çevrilir. Ordu həmçinin düşməni aldatmağın yollarını araşdırır.
Ukraynada dronlardan müdafiə üçün tüstü pərdələri, dəyişdirilmiş nəqliyyat vasitələrinin rəngi və avtomatlaşdırılmış hədəf sistemlərinin hədəfləri tanımasına mane olan digər vasitələrdən istifadə olunur.
Bu yaxınlarda sosial mediada ziqzaqlar və çiçək motivləri olan qeyri-adi kamuflyaj naxışlarına malik Rusiya yük maşınlarının şəkilləri yayılıb.
Cənubi Koreyadakı ABŞ qüvvələrinin komandanı general Xavier Branson qeyd edib ki, qoşunlar mövqelər arasında daim hərəkət etməyə öyrəşməli olacaqlar.
...B nöqtəsinə çatmazdan əvvəl A nöqtəsindən A1 nöqtəsinə, sonra A2 və A3 nöqtələrinə keçməli ola bilərsiniz, - deyə o izah edib.
Bu prinsiplər xüsusilə Çinlə potensial münaqişədə qoşunların adalar arasında hərəkət etməli, aşkarlanmadan yayınmalı və hava hücumundan müdafiə sistemlərini və radarları hücumdan qorumalı olduqları Sakit Okean bölgəsindəki ABŞ qüvvələri üçün vacibdir.
ABŞ ordusu həmçinin qoşunları təhlükəyə məruz qoymaq riskini azaltmaq üçün təchizat çatdırılması və yaralıların təxliyəsi üçün yerüstü və hava dronlarından istifadəni araşdırır.
Əli Babayev


