ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresə aralıq seçkilərini müşahidə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) dəvət etməyib.
SİA xəbər verir ki, “The Hill” nəşrinin məlumatına görə, bu qərar Vaşinqtonun 20 ildən artıq müddətdə əməl etdiyi təcrübədən kənara çıxır.
Ağ Evin sözçüsü Loren Biss bildirib ki, seçkilər ABŞ vətəndaşlarının iştirakı və müşahidəsi ilə keçiriləcək.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası qərardan təəssüfləndiklərini bildiriblər. ATƏT PA-nın prezidenti Pere Xuan Pons qeyd edib ki, bu qərar iki onillikdən artıq müddətdə formalaşmış seçki müşahidəsi təcrübəsindən ciddi kənara çıxmadır.
ATƏT 2002-ci ildən bəri ABŞ-da 12 federal seçkini, o cümlədən altı aralıq seçkini müşahidə edib. 2026-cı il seçkiləri təşkilatın ABŞ-da müşahidə aparmağa başladığı vaxtdan dəvət almadığı ilk federal seçkilər olacaq.




