Fransanın cənubunda “Adam” fırtınasının yaratdığı daşqınlar nəticəsində azı 4 nəfər həyatını itirib, bir nəfər xəsarət alıb. Güclü yağışlar yolları və dəmir yolu xətlərini su altında qoyaraq nəqliyyatda fasilələrə səbəb olub.
Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Həlak olanlar arasında Buş-dü-Ron (Bouches-du-Rhône) departamentində zirzəmidə boğulmuş 86 və 26 yaşlı iki qadın da var. Korsikada isə sel sularının apardığı avtomobildə olan şəxslərdən biri xilas olub, digərinin meyiti tapılıb. Dördüncü ölüm faktı ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Daşqınlar səbəbindən Muryes və Sen-Martən-de-Kro şəhərlərində onlarla sakin müvəqqəti sığınacaqlara yerləşdirilib.
Fransada yeni fırtınanın yaxınlaşdığı bildirilir. Ölkənin meteorologiya xidməti qərbdəki beş departamentdə güclü küləklə bağlı narıncı səviyyəli xəbərdarlıq yayıb.
“Adam” fırtınası İspaniyada da daşqınlara səbəb olub. Ölkədə azı 3 nəfər ölüb, Aralıq dənizi sahilində bəzi yaşayış məntəqələri su altında qalıb. Valensiya hökuməti fırtınadan zərər çəkənlərə dəstək üçün 23,5 milyon avroluq yardım paketi təsdiqləyib.





