Dünya iqlim dəyişikliyi ilə mübarizədə kritik mərhələyə daxil olub. Bərpaolunan enerji mənbələrinin genişlənməsinə və müxtəlif ölkələrdə ekoloji siyasətin gücləndirilməsinə baxmayaraq, qlobal istiləşmənin qarşısını almaq üçün görülən tədbirlər hələ də qarşıya qoyulan hədəflərdən geri qalır. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 21 oktyabr 2026-cı ildə açıqladığı yeni hesabat bu vəziyyətin ciddiliyini bir daha ortaya qoyur.
Ölkələr mövcud iqlim öhdəliklərini tam yerinə yetirsələr belə, qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə əsrin sonunadək təxminən 2,6°C yüksəlməsi gözlənilir. Mövcud siyasətlərin dəyişmədən davam etməsi isə istiləşmənin 2,8°C-yə çatmasına səbəb ola bilər. Bu proqnozlar 2015-ci il Paris Sazişində müəyyən edilmiş temperatur hədəflərindən xeyli uzaqdır.
Hesabatın ən narahatedici nəticələrindən biri 1,5°C hədəfinin aşılmasının artıq qaçılmaz hesab edilməsidir. Bununla belə, bu, iqlim dəyişikliyi ilə mübarizənin mənasını itirməsi demək deyil. Əksinə, istiləşmənin hansı səviyyəyə çatacağının və təhlükəli həddən yuxarı nə qədər davam edəcəyinin qarşısını almaq üçün görüləcək tədbirlər indi daha böyük əhəmiyyət daşıyır.
UNEP hesab edir ki, qlobal temperatur artımını mümkün qədər məhdudlaşdırmaq və əsrin sonunadək yenidən 1,5°C səviyyəsinə qayıtmaq perspektivini qorumaq üçün istixana qazlarının emissiyaları 2025-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilədək 18 faiz, 2035-ci ilədək 45 faiz və 2040-cı ilədək 69 faiz azaldılmalıdır. Bu isə enerji, sənaye, nəqliyyat və kənd təsərrüfatında daha sürətli dəyişikliklər tələb edir.
İqlim böhranının nəticələri yalnız temperatur göstəricilərində əks olunmur. İstiləşmənin artması istilik dalğalarının, quraqlıqların, daşqınların və digər ekstremal hava hadisələrinin riskini yüksəldir. Bu proseslər ərzaq təhlükəsizliyinə, su ehtiyatlarına, iqtisadi sabitliyə və insanların yaşayış şəraitinə təsir göstərir.
Su ehtiyatlarının səmərəli idarə olunması, enerji istehsalında təmiz mənbələrin payının artırılması, torpaqların qorunması və iqlimə davamlı infrastrukturun qurulması uzunmüddətli inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. İqlim böhranı ilə mübarizədə bəyanatlar konkret nəticələrlə əvəzlənməlidir. Hər bir il gecikmə istiləşmənin məhdudlaşdırılmasını daha çətin edir. Dünya üçün əsas məsələ artıq təhlükənin mövcudluğunu sübut etmək deyil, elmi xəbərdarlıqları vaxtında və ardıcıl fəaliyyətə çevirməkdir.
Lalə Mehralı


