Şahzadə Harri həyat yoldaşı Meqan Markl və övladları ilə birlikdə Böyük Britaniyaya qayıtmasının səbəbini açıqlayıb.
Editor.az xəbər verir ki, şahzadə bu barədə GQ jurnalına müsahibəsində danışıb.
III Çarlzın kiçik oğlu bildirib ki, övladlarının Britaniya məktəbində təhsil alması onun üçün xüsusi əhəmiyyət daşıyır.
“Uşaqlarımı Britaniya məktəbinə yazdırmaq imkanı mənim üçün böyük əhəmiyyət daşıyır. Bunun mənim üçün nə qədər vacib olduğunu əvvəllər dərk etmirdim”, – deyə Harri qeyd edib.
Sasseks hersoqu oğlu Arçi və qızı Lilibetin yeni məktəblərindən məmnun olduqlarını bildirib.
Harri ABŞ-dəki təhsil sistemini tənqid etmək niyyətində olmadığını da vurğulayıb. Onun sözlərinə görə, uşaqların müxtəlif təhsil mühitlərini və mədəniyyətləri erkən yaşlarından tanıması faydalıdır.
“Mən ABŞ məktəblərini tənqid etmirəm. Lakin hesab edirəm ki, müasir dövrdə 5 və 7 yaşlı uşaqların fərqli müəssisələri müqayisə etməsi və müxtəlif mədəni təcrübələr qazanması olduqca önəmlidir”, – deyə şahzadə bildirib.
Harri ailəsinə və dostlarına daha yaxın olmaq istəyini də dilə gətirib. O qeyd edib ki, uşaqlarının yeni mühitə uyğunlaşması üçün onların yaşıdları ilə daha çox vaxt keçirməsi və birlikdə oyunlar təşkil etməsi xoşdur.
“Yenidən dostlara, ailəyə və dostların övladlarına yaxın olmaq, uşaqlarımızın yeni mühitə uyğunlaşmasına kömək etmək üçün onlarla davamlı oyunlar təşkil etmək çox xoşdur”, – deyə o əlavə edib.
Qeyd edək ki, Şahzadə Harri və Meqan Marklın altı il ABŞ-də yaşadıqdan sonra övladları ilə birlikdə Böyük Britaniyaya qayıtması avqustun 20-də məlum olub. Ailə Kaliforniyadan şəxsi təyyarə ilə Birmingem hava limanına gəlib.
Cütlüyün övladları artıq Britaniyada məktəbə başlayıblar. Yeni tədris ili sentyabr ayında start götürüb.




