“Tramp və Netanyahu qarşıdakı seçkilərdə qalib gələrsə, müharibə yenidən alovlanacaq”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib.

P. Mirizadə ABŞ və İsraildə yaxın vaxtlarda keçiriləcək seçkilərin mümkün nəticələri haqqında danışıb:
“Hal-hazırda ABŞ və İsrail siyasəti üçün xarakterik xüsusiyyət seçkilərin keçirilməsinə sayılı günlərin qalmasıdır. Təbii ki, məsələyə ABŞ kontekstindən yanaşsaq, respublikaçıların şansları demokratlarla müqayisədə müəyyən qədər aşağıdır və Tramp da mövcud mənfi tendensiyanın fərqindədir. Buna görə də onun əksər çıxışlarındakı ifadələr cəmiyyəti manipulyasiya etməyə hesablanıb. Respublikaçıların şanslarının aşağı olmasının əsas səbəblərindən biri də məhz İranla bağlı proseslərdir. ABŞ-nin İran siyasətində istədiyi nəticəni əldə edə bilməməsi və bunun fonunda enerji qiymətlərinin artması amerikalı seçicilər üçün çətinliklər yaradır. Bu mənfi tendensiya isə respublikaçıların şanslarını zəiflədir.”
Pərviz Mirizadə həm Trampın, həm də Netanyahunun öz ölkələrində keçiriləcək seçkilərdə qalib gəlmə ehtimalı haqqında bunları deyib:
“Proseslərə İsrail pəncərəsindən yanaşsaq, aydındır ki, Netanyahunun seçkilərdə qalib gələcəyi təqdirdə İsrail regionda münaqişəyə meylli siyasət yürütməyə davam edəcək. Konqres seçkilərində respublikaçıların məğlub olması Trampın İranla bağlı siyasətində müəyyən çətinliklər yarada bilər. Lakin ABŞ qanunvericiliyinə əsasən, prezidentin 60 gün müddətində hərbi əməliyyat keçirmək səlahiyyəti var. Bu müddət ərzində İrana yeni zərbələrin endirilməsi ehtimalı oldukça yüksəkdir. İran tərəfindən məsələyə yanaşsaq, görərik ki, orada da növbəti müharibəyə çox ciddi hazırlıq gedir. Həm yerli istehsalın təkmilləşdirilməsi, həm də hərbi təchizatın artırılması mövcud müharibə riskinə qarşı sığortalanma cəhdindən kaynaklanır.”
Şərhçi qeyd edib ki, Netanyahu və Tramp qalib gəlsə, müharibənin yenidən alovlanması ehtimalı yüksəkdir:
“Əgər respublikaçılar seçkidə uduzsa və buna baxmayaraq İsraildə Netanyahu hakimiyyəti davam edərsə, müharibənin yenidən alovlanma ehtimalı oldukça yüksəkdir. Respublikaçıların şanslarının aşağı olması Netanyahunun uzunmüddətli müharibə aparmaq ambisiyasını müəyyən qədər məhdudlaşdırır. İranla danışıqlar lazımi səviyyədə getmir və istənilən nəticənin əldə edilməsi üçün növbəti dəfə hərbi əməliyyatların başlanması şərtə çevrilir.”
Nurlan Cəfəri




