Dünya · SİA

BMT ölkəyə 20 milyon dollar ayıracaq: İtki və Zərər Fondunun ilk yardımı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
BMT ölkəyə 20 milyon dollar ayıracaq: İtki və Zərər Fondunun ilk yardımı xəbəri üçün şəkil

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliklərinin Fəsadları üzrə Fondu Nepalda baş vermiş dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon dollar ayırıb. Lakin ölkənin yenidən qurulması üçün tələb olunan maliyyə bu məbləğdən dəfələrlə çoxdur.

Səs Qəzeti Associated Press (AP) agentliyinə istinadən bildirir ki, daşqınlar nəticəsində 1 400-dən çox insan həyatını itirib, minlərlə insan itkin düşüb. Təbii fəlakət evlərə, məktəblərə və hidroenerji obyektlərinə milyardlarla dollar ziyan vurub.

BMT-nin İtki və Zərər Fondu tərəfindən ayrılan vəsait fondun 2022-ci ildə yaradılmasından sonra ilk maliyyə yardımıdır. Nepal hökuməti ölkənin bərpası və yenidən qurulması üçün ümumilikdə 4,7 milyard dollara ehtiyac olduğunu açıqlayıb. Bu isə BMT-nin ayırdığı 20 milyon dolların tələb olunan məbləğin yalnız kiçik hissəsini təşkil etdiyini göstərir.

Sentyabrın sonuna qədər Nepal hökuməti yerli və beynəlxalq mənbələrdən təxminən 102 milyon dollar yardım alıb. Ölkə əlavə dəstək üçün qonşu dövlətlərə və inkişaf banklarına müraciət edir. Alimlərin fikrincə, iqlim dəyişikliyi daşqınların dağıdıcı təsirlərini gücləndirən amillərdən biridir. Temperaturun yüksəlməsi Himalay buzlaqlarının əriməsini sürətləndirir, daimi donuşluğun əriməsi isə dağ yamaclarının sabitliyini zəiflədir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, temperaturun artması Asiyanın böyük çay sistemlərini qidalandıran Himalay buzlaqları üçün ciddi təhlükə yaradır. Bu çaylardan milyardlarla insanın su təminatı və kənd təsərrüfatı asılıdır. Bununla yanaşı, beynəlxalq humanitar yardımların azalması iqlim fəlakətlərinə həssas ölkələrin hazırlıq və bərpa imkanlarını məhdudlaşdırır.

İqlim Dəyişikliklərinin Fəsadları üzrə Fonduna müxtəlif ölkələr tərəfindən 820 milyon dollardan çox vəsait vəd edilsə də, inkişaf etməkdə olan dövlətlərin müraciətləri təxminən 2,8 milyard dollara çatıb. Ekspertlər zəngin ölkələri iqlim maliyyələşməsini artırmağa, fəlakətlərdən zərər çəkən dövlətlərə daha sürətli və etibarlı yardım mexanizmləri yaratmağa çağırırlar. Nepal üçün ayrılan maliyyə vəsaiti qarşıdan gələn BMT iqlim danışıqlarında da əsas müzakirə mövzularından biri olacaq.

Lalə Mehralı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑