Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən SİA-ya bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının on birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənərək digər mənzillərə və yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.



.jpg)