Ölkə.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Elvira Vəliyeva bu barədə “TikTok” hesabında video yayımlayıb.
O bildirib ki, hadisə dünən saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib.
Qadının sözlərinə görə, taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edib amma sürücüyə özü gedəcəyi haqda öncədən məlumat verib.
Şikayətçi iddia edir ki, sürücü buna etiraz etməyib, amma xahiş edib ki, xanım sifarişi ləğv etsin, sonra onu ünvana aparsın.
Mənzil başına çatmağa 3-4 dəqiqə qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Belə ki, tətbiqdə 4 manat göstərilən xidmət üçün sürücü 7 manat tələb edib.
E. Vəliyeva deyir ki, əlavə ödənişdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələdiyib:
“Artıq ödənişi etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, “bilirəm sənin başına nə oyun açacam”. Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb ani tormozlama etdi.
Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır?”
Vətəndaş əlavə edib ki, hadisə zamanı içərisində iki ədəd orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantası da taksidə qalıb.
Qeyd edib ki, 567 qeydiyyat nişanlı, BYD markalı taksi sürücüsünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.



.jpg)