Siyasət · SİA

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilib” -DEPUTAT DANIŞDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilib” -DEPUTAT DANIŞDI xəbəri üçün şəkil

“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanın dünya miqyasında bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu qeyd edib”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.Onun sözlərinə görə, Azərbaycanın enerji sektorunda formalaşdırdığı istehsal və ixrac potensialının miqyasını göstərməklə yanaşı, ölkənin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin də göstəricisidir.

1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu müqavilədən sonra ölkəyə daxil olan milyardlarla dollar həcmində investisiyalar həm neft sektorunun, həm də qeyri-neft sahələrinin müasir tələblər əsasında inkişaf etdirilməsinə imkan yaradıb.
Vaxtilə təbii qaz və elektrik enerjisi idxal edən Azərbaycan bu gün enerji resursları üzrə nəinki öz tələbatını təmin edir, həm də mühüm ixracatçı ölkəyə çevrilib. Düşünülmüş enerji siyasəti və mövcud potensialdan səmərəli istifadə nəticəsində ölkənin enerji sahəsində idxaldan asılılığı aradan qaldırılıb, eyni zamanda ixrac imkanları və coğrafiyası əhəmiyyətli dərəcədə genişləndirilib.
Bu gün Azərbaycan yalnız xam neft və təbii qaz hasil edən ölkə deyil. Ölkədə neftin emalı, neft-kimya məhsullarının istehsalı və onların xarici bazarlara çıxarılması istiqamətində də mühüm işlər görülür. Beləliklə, xammalın ixracı ilə yanaşı, əlavə dəyər yaradan məhsulların istehsalı hesabına enerji sektorunda dəyər zənciri genişləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanında həyata keçirilən enerji layihələri xüsusilə qlobal enerji bazarında qeyri-müəyyənliyin və enerji təhlükəsizliyi ilə bağlı çağırışların artdığı bir dövrdə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə imkan verib. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biridir. Ölkənin Avropaya təbii qaz ixrac etdiyi ölkələrin sayının artması Azərbaycanın enerji ixracında rolunun genişləndiyini göstərir.
Eyni zamanda, ölkədə neft-kimya sənayesinin inkişafı da enerji sektorunun şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sumqayıt Sənaye Parkında yüksək sıxlıqlı polietilen, karbamid və digər neft-kimya və kimya məhsullarının istehsalı həyata keçirilir. Bu məhsullara xarici bazarlarda tələbatın artması Azərbaycanın qeyri-xammal ixracının genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Azərbaycanın enerji siyasətinin digər mühüm istiqaməti isə yaşıl enerjinin inkişafıdır. Ölkənin bərpaolunan enerji potensialının 200 QVt-dan çox qiymətləndirilməsi bu sahənin investorlar üçün cəlbediciliyini artırır. Artıq həm istifadəyə verilmiş, həm də tikintisi davam etdirilən günəş və külək elektrik stansiyalarının sayı və gücü ildən-ilə artır.
Qarşıdakı illərdə bərpaolunan enerji üzrə istehsal güclərinin əhəmiyyətli dərəcədə artırılması və əldə olunan enerjinin bir hissəsinin ixrac edilməsi nəzərdə tutulur. Xüsusilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında əməkdaşlıq çərçivəsində inkişaf etdirilən yaşıl enerji dəhlizi layihələri Azərbaycanın gələcəkdə Avropanın enerji təminatında rolunun daha da genişlənməsinə imkan verə bilər.
Beləliklə, Azərbaycanın enerji sektorunda həyata keçirilən siyasət artıq yalnız neft və qaz hasilatı və ixracı ilə məhdudlaşmır. Bu siyasət enerji resurslarının emalı, neft-kimya sənayesinin inkişafı, elektrik enerjisi ixracının genişləndirilməsi və bərpaolunan enerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi kimi istiqamətləri də əhatə edir.
Enerji sektorunun şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi ölkənin valyuta gəlirlərinin artmasına, iqtisadi dayanıqlılığın möhkəmlənməsinə və yeni investisiyaların cəlb edilməsinə şərait yaradır. Bu baxımdan, Azərbaycanın enerji potensialından səmərəli istifadə edilməsi həm iqtisadi inkişafın davamlılığının, həm də ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin əsas amillərindən biri olaraq qalır”.
Müəllif: Günay Hacıyeva

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑