Dünya · Sfera.az

Tramp Putinlə danışacaq - Əsas mövzular gizli saxlanılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Putinlə danışacaq - Əsas mövzular gizli saxlanılır xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda telefon danışığı aparacağını açıqlayıb. Danışığın konkret tarixi açıqlanmasa da, Tramp görüşün “çox tezliklə” baş tutacağını bildirib.

Bəs Tramp və Putin arasında əsas müzakirə mövzuları nə olacaq, hansı nəticələr gözlənilir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, dekabr ayında Putin və Tramp arasında görüşün baş tutması artıq kifayət qədər real görünür:

“Dekabr ayında keçiriləcək G20 sammitinə Kreml rəhbəri Ağ Ev sahibinin dəvəti ilə qatılacaq. Ona görə də hesab edirəm ki, iki liderin görüşünün məhz həmin vaxt baş tutması mümkündür. Hər hansı fors-major hal yaranmasa, G20 sammiti keçiriləcək və Putinin də orada iştirakı gözlənilir.

Hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biri iki supergücün liderləri arasında keçiriləcək görüşdür. Bu görüşə də kifayət qədər böyük ehtiyac var. Çünki burada ciddi məsələlərin müzakirə olunacağı gözlənilir. Xüsusilə Alyaska görüşündən və ondan sonra liderlər arasında baş tutan bir neçə telefon danışığından gözlənilən nəticələr əldə edilməmişdi. İndi isə tamamilə fərqli mənzərə yaranıb”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindəki vəziyyət və ABŞ-İran münasibətləri mümkün danışıqların əsas mövzuları sırasında olacaq:

“Rusiya-Ukrayna cəbhəsində müəyyən ciddi dəyişikliklər baş verib. Alyaska görüşü və sonrakı telefon danışıqları zamanı Ukrayna Rusiyanın paytaxtı başda olmaqla strateji ərazilərinə indiki qədər zərbələr endirə bilmirdi. İndi isə vəziyyət dəyişib və Rusiyanın müharibə siyasəti də fərqli istiqamətdə cərəyan edir. Şimal qonşumuz daha ağır zərbələr endirir.

Digər tərəfdən, Alyaska görüşü keçirilən zaman İran müharibəsi, yəni ABŞ və İsrailin İrana hücumu baş verməmişdi. Üzbəüz görüşlə telefon danışığı arasında ciddi fərq var. Ona görə də hesab edirəm ki, bu görüşdə ilk növbədə ABŞ-ın İran siyasəti və Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından olacaq.

Böyük ehtimalla müəyyən pərdəarxası razılaşmaların əldə olunması da mümkündür. Məsələn, Tramp Rusiyadan İranla bağlı ABŞ siyasətinə müəyyən qədər mane olmamasını tələb edə bilər. Bunun müqabilində isə Ukrayna məsələsində Rusiyanın bəzi addımlarına göz yumulması kimi qeyri-rəsmi razılaşmalar müzakirə oluna bilər. Təbii ki, Trampın Ukrayna məsələsindən tamamilə əl çəkməsi və Ukraynanı Rusiyanın ixtiyarına buraxması real görünmür. Eyni zamanda Rusiya da İran məsələsində tamamilə geri çəkilmək niyyətində deyil. Çünki Moskva yaxşı bilir ki, İranın regionda zəiflədilməsi Rusiyanın maraqlarına ziddir. İran Rusiyanın regiondakı ən yaxın strateji müttəfiqlərindən biridir”.

C.Abbaslı əlavə edib ki, görüşdə iqtisadi məsələlər və Çinin artan gücü də müzakirə oluna bilər:

“Burada iqtisadi baxımdan da ciddi məsələlərin müzakirə olunacağı gözlənilir. Məsələn, Çinlə bağlı liderlər arasında müəyyən müzakirələr aparıla bilər. Çin iqtisadi gücünə görə getdikcə dünyada birinci sıraya yaxınlaşır. Rusiya və ABŞ məhz Çinin bu qədər sürətlə irəliləməsinin qarşısını almaq üçün müəyyən razılaşmalar əldə edə bilərlər.

Çin Rusiyanın ən yaxın müttəfiqlərindən biri sayılsa da, Putin öz ölkəsinin maraqlarını hər zaman ön planda tutan liderdir. Ona görə də Çinlə bağlı müəyyən razılaşmaların və gələcək addımların müzakirəsi mümkündür.

Gözləntimiz isə ondan ibarətdir ki, əvvəlcə noyabrın 3-də keçiriləcək aralıq seçkilərin nəticələrini görmək lazımdır. G20 sammiti də həmin seçkilərdən sonraya təsadüf edir. Tramp Putin qarşısına əli dolu çamadanla çıxacaq, yoxsa boş çamadanla, yaxud yarımçıq çamadanla – bunu seçkilərdən sonra görəcəyik.

Rusiyanın ABŞ-dakı aralıq seçkilərində Trampa hər hansı formada dəstək verməsi də mümkündür. Hərçənd, Rusiyanın Trampın seçilməsində rol oynadığı və ona pərdəarxası dəstək verdiyi ilə bağlı iddialar əvvəllər də səsləndirilib. İndi aralıq seçkilərində bunun necə olacağını görəcəyik. Əgər Rusiya yenidən Trampa müəyyən dəstək versə, bu, Trampın Putin qarşısında daha əlverişli mövqedə və ya əksinə, müəyyən öhdəliklərlə çıxmasına təsir göstərə bilər. Belə bir şəraitdə Kreml rəhbərinin ABŞ prezidentinin qarşısına daha iddialı şəkildə çıxması və müəyyən şərtlər irəli sürməsi də mümkündür”.

Firuzə Əliyeva

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑