“Apple”ın ilk qatlanan telefonu "iPhone Duo" canlı yayımda keçirilən davamlılıq sınağı zamanı 75 min dəfə qatlandıqdan sonra ekran nasazlığı ilə üzləşib.
Sfera.az xəbər verir ki, Polşalı texnologiya bloqeri Kuba Klaviter (Kuba Klawiter) öz vəsaiti hesabına aldığı cihazı heç bir mexaniki qurğudan istifadə etmədən, yalnız insan gücü ilə sınaqdan keçirib.
Oktyabrın 23-də satışa çıxarılan telefonun davamlılığını yoxlamaq məqsədilə başladılan sınaqda cihazın tam sıradan çıxması və ya bir milyon dəfə qatlanması hədəflənib. Canlı yayım zamanı hər saatdan bir iştirakçılar dəyişərək telefonu qatlayıblar.
Yayımı izləyən proqramçı tərəfindən hazırlanan xüsusi alətin hesablamalarına əsasən, cihaz dəqiqədə 30-57 dəfə qatlanıb. Sayğac 75 minə yaxınlaşdıqda sınağın son mərhələsində telefon 19 dəqiqə ərzində buzla dolu qabın üzərində saxlanılıb. Nəticədə cihazın temperaturu 6-7 dərəcəyədək düşüb.
Telefon qurudularaq masanın üzərinə qoyulduqdan sonra onun daxili ekranında əvvəlcə şaquli, daha sonra isə üfüqi ağ xətlər yaranıb. Bununla da ekranın sıradan çıxdığı məlum olub.
Telefonun menteşəsində hər hansı problem müşahidə edilməyib. Ekran nasazlığının aşağı temperaturun, yoxsa on minlərlə dəfə qatlanma nəticəsində yaranan mexaniki yorğunluğun təsirindən baş verdiyi isə hələlik dəqiqləşməyib.
Ekranda qalıcı zədənin yaranmasından sonra minlərlə insanın izlədiyi canlı yayım dayandırılıb.
İnternetdə yayılan istifadəçi şikayətlərinə görə, bəzi “iPhone Duo” modellərinin daxili ekranı məhz menteşənin yerləşdiyi qatlanma xətti boyunca zədələnir. Bildirilən halların bir qismində problem telefon alındıqdan cəmi bir neçə saat sonra üzə çıxıb.
Hətta bəzi cihazların mağazalarda nümayiş etdirildiyi vaxt zədələndiyi də iddia olunub.
İstifadəçilərdən biri telefonu aldıqdan altı saat sonra ekran problemi ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, cihazı 20 dəfədən az açıb-bağlayıb. Çin və Avstraliya başda olmaqla bir sıra ölkələrdən oxşar şikayətlər daxil olsa da, problemin dəqiq səbəbi və nə dərəcədə geniş yayıldığı hələ məlum deyil.
“Apple” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla belə, mediada yayılan məlumatlara görə, mağazalara gətirilən zədələnmiş cihazlar zəmanət çərçivəsində yeniləri ilə əvəzlənir.
Bəsti Rəfizadə



