Bakı. Trend:
SOCAR IE Liderlik və İnnovasiya Mərkəzi çərçivəsində rəhbərlik və idarəetmə bacarıqlarının inkişafı, süni intellekt dövründə təhsil liderliyinin transformasiyası, eləcə də Azərbaycanın uğurlu təcrübəsini əks etdirən biznes nümunələrinin hazırlanması istiqamətlərində proqramlar həyata keçirməyi planlaşdırır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çərşənbə axşamı Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, insan kapitalının inkişafı SOCAR-ın əsas dəyərlərindən biridir və yeni mərkəzin açılışı bu baxımdan mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təşəbbüs yalnız yeni təhsil proqramlarının yaradılması deyil, ilk növbədə, insan potensialının inkişafına yönəlmiş uzunmüddətli əməkdaşlıq platformasıdır.
“Binalar tikmək, texnologiyalar yaratmaq və ya onları tətbiq etmək mümkündür. Lakin bütün bu proseslərin mərkəzində insan dayanır. Dəyişikliklərə uyğunlaşan, hətta bu dəyişikliklərə istiqamət verərək yeni tendensiyalar yaradan da məhz insanlardır”, – deyə Ziba Mustafayeva qeyd edib.
O vurğulayıb ki, bu yanaşma SOCAR üçün xüsusi əhəmiyyət daşıyır. Enerji sektoru daim dəyişdiyindən hazırda bu dəyişikliklərin sürətlənməsi yeni biznes modellərinin və tərəfdaşlıq formalarının tətbiqini zəruri edir. Milli enerji şirkəti kimi SOCAR-ın məsuliyyəti də korporativ fəaliyyət çərçivəsindən kənara çıxaraq ölkənin ümumi inkişafına töhfə verməyi əhatə edir.
Vitse-prezident bildirib ki, Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələrdən biri də yerli təhsil təcrübəsinin beynəlxalq bazara çıxarılmasıdır. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təxminən iki il əvvəl Azərbaycan təhsil proqramı ilk dəfə qonşu Özbəkistanda yerləşən universitetlərdən birinə ixrac edilib. Bu, ölkənin təhsil xidmətlərinin xaricdə təqdim olunması baxımından mühüm addım olub.
Z.Mustafayeva qeyd edib ki, IE Universiteti ilə əməkdaşlıq və dövlət, özəl sektor, hökumət qurumları və tənzimləyici strukturlar arasında tərəfdaşlıq modeli daha geniş imkanlar yaradır.
“Əməkdaşlığın əsas üstünlüyü ondadır ki, hər bir tərəfdaş prosesə fərqli baxış, təcrübə və gözləntilər gətirir. Bu yanaşmalar bir araya gəldikdə, ayrı-ayrı qurumların müstəqil şəkildə əldə edə biləcəyindən daha böyük dəyər yaratmaq mümkün olur”, – deyə o bildirib.
SOCAR-ın vitse-prezidenti mərkəzin fəaliyyətinin üç əsas istiqamətini də açıqlayıb.
Birinci istiqamət IE Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək Qabaqcıl İdarəetmə Proqramıdır. Proqram yalnız SOCAR-ın rəhbər heyəti üçün deyil, dövlət sektorunun idarəçiləri üçün də nəzərdə tutulur. Müasir liderlik və idarəetmə tələblərinə uyğun hazırlanacaq proqramda ənənəvi və rəqəmsal təlim üsullarını birləşdirən qarışıq təhsil modelindən istifadə olunacaq.
İkinci istiqamət Elm və Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanacaq süni intellekt dövründə təhsil liderliyi və transformasiyası proqramıdır. Bu proqram təhsil rəhbərlərinin gələcəyin akademik proqramlarını formalaşdırmasına, süni intellektin təhsil sisteminə tətbiqinə və bu prosesdə məsuliyyətli idarəetmə mexanizmlərinin qurulmasına kömək edəcək.
Üçüncü istiqamət isə biznes nümunələrinin (case study) hazırlanmasıdır. Bu çərçivədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə əldə etdiyi uğurları, eləcə də qabaqcıl təcrübələri əks etdirən praktiki biznes nümunələri yaradılacaq. Həmin materialların yerli və beynəlxalq universitetlərin tədris proqramlarına daxil edilməsi və beynəlxalq akademik ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.

