İstanbul, 27 oktyabr,
İstanbulda Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin himayəsi ilə 16-cı Türkiyə Enerji Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, SOCAR Türkiyə şirkətlər qrupunun əsas tərəfdaşlığı və sponsorluğu ilə baş tutan tədbir "Avropa-Aralıq dənizi Regionunda Enerji Təhlükəsizliyi və İnvestisiya İmkanları" mövzusuna həsr olunub.
Proqramın xüsusi sessiyasında çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qlobal enerji böhranları, təchizat təhlükəsizliyi və ölkənin strateji hədəfləri ilə bağlı vacib məqamlara toxunub. Nazir bildirib ki, mövcud böhranlar enerji resurslarına sahib olmaqla yanaşı, bu resursların iqtisadiyyata və əhaliyə fasiləsiz çatdırılmasının strateji əhəmiyyətini göstərir.
A.Bayraktar elektrifikasiya, bərpaolunan enerji, nüvə enerjisi, enerjinin saxlanılması və rəqəmsal infrastruktur investisiyalarının vahid strateji xəttin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin noyabrın 5-də açıqlanacaq Türkiyənin "Milli Enerji 2040" baxışı ilə tələbatın ödənilməsi, xarici asılılığın azaldılması və 2053-cü il net sıfır emissiya hədəfinə çatmaq üçün yol xəritəsinin təqdim olunacağını bildirərək qlobal enerji problemləri və Türkiyənin enerji siyasətinə dair sualları cavablandırıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, enerji təhlükəsizliyi artıq təkcə təchizatın davamlılığı ilə məhdudlaşmır, investisiya mühiti, bazar inteqrasiyası və enerji diplomatiyası vahid tənliyin ayrılmaz hissələrinə çevrilib.
Sammit çərçivəsində bərpaolunan enerji keçidi, neft-qaz və mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarındakı yeni dinamika, eləcə də Aralıq dənizi regionunda enerji bazarlarının inteqrasiyası və regional əməkdaşlıq perspektivləri müzakirə olunub.
Dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, tənzimləyici orqanlar, maliyyə institutları və investorlar arasında dialoq və əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilən sammitdə region ölkələrinin ortak ehtiyacları, enerjinin idarə olunması, sərhədlərarası əməkdaşlıq imkanları və yeni investisiya perspetivləri geniş müzakirə olunub.
Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri İstanbul
