Bakı, 27 oktyabr,
Azərbaycanın təhsil sistemində uzunmüddətli strategiya ilə yanaşı, əmək bazarının dəyişən tələblərinə çevik cavab verən qısamüddətli təlim proqramlarının inkişafı da mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, təhsildə uzunmüddətli nəticələrə nail olmaq üçün sənayenin və özəl sektorun ehtiyaclarına uyğun çevik yanaşmalar da vacibdir: “Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən strategiyalar təhsilin keyfiyyətinin və əlçatanlığının artırılmasına zəmin yaradıb. Bu istiqamətdə görülən işlər gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına imkan verəcək. İstedadın erkən yaşlardan inkişaf etdirilməsi, müasir bilik və bacarıqların formalaşdırılması gələcək peşəkarların hazırlanmasında mühüm rol oynayır”.
Özəl sektorla əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən Həsən Həsənli vurğulayıb ki, əmək bazarının ehtiyacları ilə mövcud təlim imkanları arasında əlaqənin gücləndirilməsi əsas çağırışlardan biridir: “Bu baxımdan şirkətlərin təlim prosesinə cəlb olunması və onların real tələblərinin nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə daha çox tələbənin əhatə olunması, qısamüddətli və çevik təlim proqramlarının, eləcə də yeni ixtisasartırma imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi vacibdir”.
Foto - Xanlar Əlizadə



