Afrika Buynuzundan Körfəz ölkələrinə çatmaq ümidi ilə yola çıxan və qeyri-qanuni miqrantları daşıyan qayığın Cibuti sahillərində batması faciə ilə nəticələnib.
Sfera.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, hadisə nəticəsində azı 139 nəfər həyatını itirib, 84 nəfər isə itkin düşüb.
Həddindən artıq yüklənmiş qayıqda ümumilikdə 305 nəfər olub. Həlak olanlar arasında azı 15 uşağın olduğu təsdiqlənib. Qəzadan sağ çıxan 80-dən çox şəxsin hamısının Efiopiya vətəndaşı olduğu bildirilib.
Yaxın Şərqdəki regional münaqişələrə baxmayaraq, aclıq, quraqlıq və yoxsulluq səbəbindən hər il minlərlə afrikalı Qırmızı dənizi keçərək Səudiyyə Ərəbistanına və qonşu ölkələrə çatmağa çalışır.
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri insan həyatına təhlükə yaradan bu cür səfərlərin qarşısının alınması və insan qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizənin gücləndirilməsi üçün beynəlxalq ictimaiyyətə təcili çağırış ediblər.
İradə Elsevər
Sfera.az






