ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərindən bəzi əməkdaşların və onların ailə üzvlərinin çıxarılmasını əmr edib. Bu qərar ölkədə mülki obyektlərə hücumların artması fonunda verilib.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib ki, Səudiyyə Ərəbistanında fövqəladə hallar üzrə xidmət göstərməyən dövlət əməkdaşlarının və onların ailə üzvlərinin ölkədən ayrılması barədə göstəriş verilib. Qərar Yəməndə fəaliyyət göstərən və İranla əlaqəli husilərin Səudiyyə Ərəbistanındakı mülki hədəflərə hücumları ilə əlaqələndirilib.
Dörd ABŞ rəsmisinin “Reuters”ə verdiyi məlumata görə, Fars körfəzi regionundakı digər ölkələrdə yerləşən ABŞ nümayəndəliklərində çalışan əməkdaşların ailə üzvlərinin də çıxarılması planlaşdırılır. Bununla belə, Dövlət Departamentinin sözçüsü Səudiyyə Ərəbistanından kənardakı diplomatik nümayəndəliklərlə bağlı dəyişiklikləri təsdiqləməyib.
Qərar regionda hərbi qarşıdurmanın genişlənməsi fonunda verilib. ABŞ və İsrailin İrana qarşı müharibəsindən sonra Yaxın Şərqdə hücumlar intensivləşib, enerji ticarətində problemlər yaranıb və Körfəz ölkələrinin iqtisadiyyatına təzyiqlər artıb.
Səudiyyə Ərəbistanının aviasiya qurumunun məlumatına görə, Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bundan əvvəl isə ölkənin hava hücumundan müdafiə sistemləri “Saudi Aramco” şirkətinin Şeybah neft yatağındakı obyektinə yönələn pilotsuz uçuş aparatını ələ keçirib. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.
ABŞ-nin Ər-Riyaddakı səfirliyi də husilərin Səudiyyə Ərəbistanına yeni hücumlar təşkil edə biləcəyi barədə təhlükəsizlik xəbərdarlığı yayıb.
Xatırladaq ki, martın əvvəlində ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi və orada yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin bölməsi də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı.
Fatimə
Sfera.az






