ABŞ Kanadanı noyabr ayında keçiriləcək aralıq seçkilərə müdaxilə etməyə cəhd göstərməkdə ittiham edib. ABŞ-nin Ottavadakı səfirliyi Kanada hökumətinin Demokratlar Partiyasından olan siyasətçilərlə görüşlərini, eləcə də Prezident Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarına qarşı cavab tədbirlərini seçkilərə müdaxilənin nümunələri kimi qiymətləndirib.
Sfera.az xəbər verir ki, ABŞ-nin Ottavadakı səfirliyi tərəfindən yayımlanan məlumat sənədində Kanada hökumətinin noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərə təsir göstərməyə yönəlmiş addımlar atdığı iddia olunub.
Sənəddə Kanadalı rəsmilərin seçkilərə mümkün müdaxilə ilə bağlı narahatlıqları nəzərə almadıqları, hökumət üzvlərinin və əyalət rəhbərlərinin isə ABŞ-nin daxili siyasətinə təsir göstərmək planlarını rəsmi sənədlərdə və ictimai tədbirlərdə açıq şəkildə ifadə etdikləri bildirilib.
Məlumat sənədində Kanadanın sənaye naziri Melani Jolinin ABŞ-nin Demokratlar Partiyasından olan siyasətçilərlə keçirdiyi görüşlərə də diqqət çəkilib. Həmçinin ABŞ-nin ayrı-ayrı ştatlarına qarşı tətbiq edilən cavab xarakterli gömrük rüsumları ilə bağlı açıqlamalar və Ontario əyalətinin baş naziri Daq Fordun ticarət sahəsində cavab tədbirləri görülməsinə dair çağırışları nümunə kimi göstərilib.
Bundan əlavə, sənəddə Ontario hökumətinin ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın gömrük rüsumlarını tənqid etdiyi çıxışından parçaların istifadə olunduğu reklam kampaniyası xatırladılıb. ABŞ seçkilərində qanunsuz səs verməkdə ittiham olunan 11 Kanada vətəndaşı ilə bağlı məsələ də sənəddə yer alıb.
İradə Elsevər






