Ermənistan və Azərbaycan arasında imzalanmış sülh memorandumu region üçün unikal və transformasiyaedici hadisədir.
Bunu “TRIPP+” İnkişaf Fondunun direktoru Konstantin Sokolov “Bloomberg“ə müsahibəsində bildirib.
Sokolov qeyd edib ki, onun ABŞ-da fəaliyyət göstərən “Dynamic Frontier” investisiya şirkəti sentyabr ayında Ermənistanın ikinci ən böyük mis mədənini – Tequt mədənini əldə edib.
“Bu sövdələşmənin əsas məqsədləri Ermənistan-ABŞ tərəfdaşlığını gücləndirmək və ABŞ-ın təchizat zəncirlərinin Ermənistanın həyati əhəmiyyət daşıyan mineral ehtiyatlarına çıxışını təmin etmək idi”, – Sokolov deyib.
Qeyd edək ki, “Dynamic Frontier Holdings” sentyabrın 23-də Tequt mis-molibden mədəninin operatoru olan “Teghut” QSC-nin 100 faiz səhmlərinin və şirkətin ödənilməmiş borclarının alınması üzrə sövdələşmənin tamamlandığını açıqlayıb. Şirkət Tequt mədəninin fəaliyyətini davam etdirməklə yanaşı, onun modernləşdirilməsinə investisiya qoyacağını bildirib.
Tequt Ermənistanın Lori vilayətində yerləşir və ölkənin ən böyük mis-molibden yataqlarından biridir. “Dynamic Frontier Holdings” ABŞ-ın Texas ştatında qeydiyyatdan keçib.




