“Məşhurluq xəyal etdiyim qədər gözəl deyil. Məni küçədə tanıyanda deyirəm ki, səhv salmısınız, o deyiləm. Adi insanlardan fərqim yoxdur. Heç bir işimi bəyənmirəm. Mən də belə biriyəm”.
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov “İncə səhər” proqramında deyib. Aktyor təqaüdə çıxmaq üçün səbirsizləndiyini, mənəvi cəhətdən dincəlmək istədiyini bildirib:
“Təqaüdə çıxmağı gözləyirəm. Dincəlmək istəyirəm, yorulmuşam. Bir il qalıb, dözməliyəm. Gedim dincəlim, balıq tutum, dağlara, çay kənarına gedim. Azad olmaq istəyirəm. Heç kimin yanında borcum, gözükölgəliyim yoxdur. Öhdəliklərimi bitirib daha azad, sərbəst olmaq istəyirəm. Şahin quşu olub uçmaq istəyirəm.
Əvvəl elə bilirdim ki, yaşlı adamların vaxtı gec keçir. Oturub domino oynayırlar, televizora baxırlar. Amma yaş artdıqca görürəm ki, vaxt tez keçir. Həyat mübarizədir, sona qədər davam etdirməliyik. Yorulmuşam... Fiziki yox, mənəvi cəhətdən dincəlmək, rahat olmaq istəyirəm”.




