Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan raket tədarükü ilə bağlı razılaşmanın olduğunu, lakin Kiyevin hələ də sursat almadığını bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “The Diary Of A CEO” adlı "YouTube" kanalına müsahibəsində danışıb.
Ukrayna liderinin sözlərinə görə, o, Trampa raketlərin hətta ödənişli əsaslarla tədarük edilməsini təklif edib. Maliyyələşməni isə Avropa üzərinə götürməyə hazır olub. Lakin Zelenskinin iddiasına görə, razılaşma mövcud olsa da, raketlər Ukraynaya çatdırılmayıb.
Raketlərin sayı, eləcə də indiyədək vəd edilən və ya çatdırılan sursatların həcmi barədə əlavə məlumat verilməyib. Vaşinqton da Zelenskinin son açıqlamalarına hələlik münasibət bildirməyib.
Moskva isə dəfələrlə Kiyevə hərbi yardımın artırılmasının münaqişənin həllinə mane olduğunu və qarşıdurmanı uzatdığını bəyan edib.
Müəllif: Adəm





