Bolqarıstan Futbol İttifaqı tərəfindən ötən il “qeyri-qənaətbəxş performans” səbəbindən qeyri-müəyyən müddətə vəzifəsindən uzaqlaşdırılan Georgi Kabakov UEFA Çempionlar Liqasında “Bayern”in oyununa təyinat alıb.
Publika.az xəbər verir ki, 40 yaşlı referi oktyabrın 13-də “Vikinq” və “Bayern Münhen” komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
Kabakovun cəzalandırılmasına 2025-ci il oktyabrın 7-də Bolqarıstan çempionatında “Slaviya” ilə “Lokomotiv Sofiya” arasında keçirilən oyun səbəb olub. Həmin görüşdə VAR hakimlərindən biri olan Kabakov “Slaviya”nın ilk qolundan əvvəl baş verən mübahisəli epizoda müdaxilə etməyib. Bolqarıstan mətbuatının yazdığına görə, qol müəllifi Emil Stoevə ötürmə edilməzdən əvvəl Martin Georgiyev topa hər iki əli ilə toxunub. Buna baxmayaraq, qol qeydə alınıb.
Qərar “Lokomotiv” futbolçularının və Bolqarıstan Futbol İttifaqının narazılığına səbəb olub. Nəticədə Kabakov və onun həmkarı Vladimir Valkov “qeyri-qənaətbəxş performans” əsası ilə qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıblar.
Lakin cəza uzun çəkməyib. Kabakov noyabrın 7-də yenidən Bolqarıstan çempionatının oyununda meydana çıxıb. UEFA isə onu Avropa turnirlərində hakimlikdən kənarlaşdırmayıb. Referi Avropa Liqası və Konfrans Liqasının bir sıra qarşılaşmalarında da təyinat alıb.
Qeyd edək ki, Kabakov 2013-cü ildən FİFA referisidir və 2018-ci ildən Çempionlar Liqasında oyunlar idarə edir. Buna baxmayaraq, o, indiyədək “Bayern Münhen”in oyununda baş hakim olmayıb. Bolqarıstanlı referi 2021-ci ildə Tokio Yay Olimpiya Oyunlarının futbol turnirində, o cümlədən Meksika ilə Braziliya arasında keçirilən yarımfinal görüşündə də hakimlik edib.




