Peruda arxeoloqlar təxminən 1500 il əvvələ aid, zəngin bəzədilmiş məzar aşkar ediblər. Ehtimal olunur ki, burada İnka imperiyasından xeyli əvvəl mövcud olmuş qədim Moçe sivilizasiyasının elitasına mənsub, iki yaşından böyük olmayan uşaq dəfn edilib.
Publika.az xəbər verir ki, bu barədə "Live Science" nəşri yazır.
Dəfn əşyaları arasında mis maska, 32 keramika əşyası, o cümlədən əsir təsvirləri olan qablar, eləcə də insan bədəninə və quş qanadlarına malik tanrı heykəlciyi var.
Truxilyo Universitetinin “Huacas de Moche” arxeoloji layihəsinin rəhbəri Karlos Renqifo-Çunqanın Live Science-a verdiyi məlumata görə, uşağın cinsini hələlik müəyyən etmək mümkün olmayıb. Arxeoloqlar mərhumun üzünü örtən mis diskdən əlavə, onun ayaqları yaxınlığında aypara formasında mis əşya da tapıblar. Məzarın özü o qədər geniş olub ki, orada yetkin bir insan da rahatlıqla yerləşə bilərdi.
Dəfn VI–VII əsrlərə aiddir. O, Perunun şimalında yerləşən Huacas de Moçe arxeoloji kompleksinin ərazisində, Aypara platformasının daxilində aşkar edilib. Bu ərazi məzarlıqlardan ibarətdir və Huaca de la Luna məbədinə bitişikdir. Əvvəllər burada aşkar edilmiş 80-dən çox dəfn arasında zəngin dəfn əşyalarına malik uşağa aid yeganə məlum məzar məhz budur. Renqifo-Çunqa qeyd edir ki, məzarın yerləşdiyi yer və mis əşyaların istifadəsi mərhumun Moşe cəmiyyətinin yüksək təbəqələrinə mənsub olduğunu göstərir.
Əsir təsvirləri olan iki keramika qab xüsusi maraq doğurur. Onlar Moçe incəsənətində geniş yayılmış ritual döyüşü səhnəsi ilə əlaqəlidir: iki döyüşçü vuruşur, bundan sonra məğlub olanın paltarları soyundurulur, silahları əlindən alınır, boynuna kəndir keçirilərək bağlanır və o, qurban verilir. Lakin bu cür təsvirlərə uşaq dəfnlərində nadir hallarda rast gəlinir.
“Adətən belə qabların mərhumun həyatının hansısa aspekti ilə əlaqəli olduğunu güman etmək olar”, — deyə Renqifo-Çunqa bildirib.
Məsələn, bu əşyalar həmin şəxsin döyüş rituallarında iştirakına işarə edə bilərdi. Lakin iki yaşlı uşağın belə mərasimlərdə iştirak edə bilməyəcəyi aydındır. Tədqiqatçının fikrincə, bu tapıntı alimlərin Moçe xalqının dəfn adətləri haqqında təsəvvürlərini genişləndirir.
Daha bir qeyri-adi əşya insan bədəninə, quş qanadlarına və quyruğuna malik varlığın heykəlciyidir. Varlıq bir əlində dördbucaqlı qalxan, digər əlində isə kasa tutur. Onun hər iki tərəfində ritual geyimlərdə iki quş təsvir edilib. Tədqiqatçılar bunun bir tanrının təsviri olduğunu ehtimal edirlər. Bununla belə, bəzi mütəxəssislər həmin obrazı çevrilmə prosesində olan tanrı kimi də şərh edə bilərlər.
Moçe mədəniyyəti, həmçinin Moçica adı ilə tanınır və müasir Perunun şimal sahillərində eramızın III–IX əsrlərində inkişaf edib. Bu mədəniyyətin nümayəndələri səhra ərazilərində suvarma kanalları və əkin sahələri salır, monumental məbədlər tikir, metal emalı, toxuculuq və keramika istehsalı ilə məşğul olurdular. Onların öz yazı sistemi olmayıb, lakin insanları və gündəlik həyat səhnələrini əks etdirən təsvirlər də daxil olmaqla, minlərlə realistik keramika qabı dövrümüzədək gəlib çatıb.
Hüseyn İbadlı





