ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov arasında keçirilən görüşdə gərginlik yaşanıb. Tərəflər arasında fikir ayrılığına səbəb müharibədən sonrakı dövrdə Rusiya qazı və neftinin Ukrayna ərazisindən Avropaya nəqlinin bərpasını nəzərdə tutan plan, eləcə də ABŞ-Rusiya dizel yanacağı razılaşması olub.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 9-da keçirilən görüş zamanı Budanov qəzəbini cilovlamağa çalışıb. O, Uitkoffun onunla uşaq kimi davrandığını, necə pul qazanmağı öyrətməyə çalışdığını düşünüb.
Uitkoffun təklifi Kiyevi qəzəbləndirdi
Görüş zamanı Stiv Uitkoff ABŞ liderinin kürəkəni Cared Kuşnerlə birlikdə Budanova müharibədən sonrakı dövr üçün genişmiqyaslı “regional rifah planı”nı təqdim edib. Bu planın Ukrayna, Avropa və Rusiyanı əhatə edəcəyi bildirilib.
Qəzetin yazdığına görə, təklif Rusiya nefti və qazının Ukrayna ərazisindən keçməklə Avropaya çatdırıldığı boru kəmərlərinin fəaliyyətinin tam bərpasını nəzərdə tutur. Uitkoffun fikrincə, plan həyata keçirilərsə, Kiyev bundan gəlir əldə edə, Avropada isə enerji qiymətləri aşağı düşə bilər.
Lakin Budanov bu təklifə emosional reaksiya verərək Ukraynanın başqa istiqamət seçdiyini vurğulayıb.
“Bizim istiqamətimiz Belarus deyil, Polşadır!”, - deyə Kirill Budanov bildirib.

Budanov Zelenskiyə zəng etdi: Nə məsləhət aldı?
Tərəflər arasında danışıqlar dayandırılıb. Fasilə zamanı Budanov Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib. Nəşrin məlumatına görə, Zelenski ona söhbətin davamında necə davranmalı olduğu ilə bağlı məsləhət verib və vəziyyətə reaksiyasını büruzə verməməyə çağırıb.
Danışıqlar bərpa edildikdən sonra Budanova ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşma haqqında sənəd təqdim olunub. “Le Monde” yazır ki, Uitkoff Ukrayna nümayəndə heyətindən bu razılaşmanı qəbul etməyi qıcıqlı şəkildə tələb edib.
“Dizel yanacağı ilə bağlı bu razılaşmanı qəbul edin və Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırın. Siz dünyanı təhlükə altına atırsınız!”, - deyə Stiv Uitkoff xəbərdarlıq edib.

ABŞ və Rusiya arasında dizel razılaşması nəyi nəzərdə tutur?
Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Trampın sözlərinə görə, söhbət zamanı Rusiya tərəfinin ABŞ və dünya bazarlarına dizel yanacağı tədarük etməsi ilə bağlı razılıq əldə olunub.
Razılaşmaya əsasən, Rusiyanın daha 500 min ton dizel yanacağını ABŞ və dünya bazarlarına çıxarması, bundan sonra isə əlavə bir milyon ton tədarük etməsi nəzərdə tutulurdu. Bu razılaşma çərçivəsində Vaşinqton Moskvaya qarşı sanksiyaları 2027-ci ilin aprelinə qədər müvəqqəti yumşaldıb.
Avropanın reaksiyası sərt oldu
ABŞ və Rusiya arasında əldə olunan razılaşma Avropada ciddi narazılıqla qarşılanıb. Razılaşma barədə ilk məlumatlar yayılandan dərhal sonra Zelenski bir sıra Avropa liderləri ilə telefon danışıqları aparıb.
Nəşrin məlumatına görə, Avropanın bəzi nümayəndələri Rusiya ilə ABŞ arasında əldə olunan razılaşmanı açıq şəkildə tənqid ediblər.
Müəllif: Adəm





