Energetika Nazirliyində yeni kadr təyinatı olub.
Publika.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Yusif Qayıbov nazirliyin Elektrik və istilik enerjisi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək "AzərEnerji" ASC-də Beynəlxalq Maliyyə institutları ilə əməkdaşlıq üzrə şöbə müdiri və Dünya Bankının maliyyələşdirdiyi "Azərbaycanda bərpa olunan enerjinin genişləndirilməsi" layihəsinin İcrası Qrupunun direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Y.Qayıblı həmçinin ötən aydan etibarən "AzərEnerji" ASC-nin səhmdarı olduğu "Green Energy Corridor Power Company" (GECO) şirkətinin Direktorlar Şurasının sədri və Baş direktoru vəzifəsinin də icrasına başlayıb.
Məlumat üçün bildirək ki,GECO Xəzər regionundan Qara dəniz vasitəsilə Avropaya "yaşıl" elektrik enerjisini nəql edəcək sualtı enerji əlaqəsi layihəsi olan "Black Sea Energy" (Qara Dəniz Enerji) layihəsini həyata keçirmək məqsədilə 2024-cü ildə "AzərEnerji"(Azərbaycan), "Transelectrica" (Rumıniya), "Georgian State Electrosystem" (Gürcüstan) və MVM (Macarıstan) şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.



