“Reuters” agentliyinin 30 oktyabrda verdiyi məlumata görə, gizli bir şəbəkə, xarici vasitəçilər və xarici bank hesabları vasitəsilə məhdudiyyətləri aşaraq İrana silah göndərilməsini maliyyələşdirir.
Publika.az xəbər verir ki, nəşrin məlumatına görə, İran 2025-ci ilin yanvar ayından bəri həm ABŞ-ın dəniz blokadasını, həm də Qərbin sanksiyalarını aşaraq ən azı 2 milyard dollar dəyərində avadanlıq, partlayıcı maddələr və ağır nəqliyyat vasitələri idxal etmək üçün qlobal miqyasda fəaliyyət göstərən gizli hərbi agentliklər şəbəkəsi yaradıb.
İran Müdafiə Nazirliyinin bölmələrinin adları arxasında 5000-dən çox agentlik gizlənir. Onların maliyyə izləri 2016-cı ildən bəri gəmiçilik məlumatlarında görünür və bəziləri İslam İnqilabı Keşikçiləri Korpusu və İran elitasının nəzarətində olan biznes konqlomeratları ilə əlaqəlidir.
Nəşrin məlumatına görə, 2025-ci ilin yanvar ayından 2026-cı ilin iyun ayına qədər "MOD 346428" təyin olunmuş agentliklərdən biri dron və raketlərin istehsalı üçün lazım olan raket yanacağı, partlayıcı maddələr və silah komponentlərini, eləcə də buraxılış qurğusu kimi xidmət edə biləcək ağır tonnajlı nəqliyyat vasitələrini idxal edib. Avadanlıq quru, dəniz və hava yolu ilə çatdırılıb.
Bütün gizli xidmətlər Tehranda İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Logistikası ilə eyni ünvanda qeydiyyatdan keçib. Qeydiyyat tarixi 11 fevral 1979-cu il kimi göstərilsə də, əksəriyyəti 2013-cü ildə, sanksiyalar, neft ixracının və valyutanın kəskin azalması fonunda yaradılıb. “Reuters” bu agentliklərin Qərbin sanksiya siyahılarına daxil edildiyinə dair heç bir dəlil tapmayıb.
ABŞ Maliyyə Nazirliyi agentliyə bildirib ki, "Rejim sərt sanksiyalarımızı aşmaq, hərbi və silah proqramlarını maliyyələşdirmək və xarici valyutaya çıxış əldə etmək üçün çarəsiz cəhdlərini davam etdirə bilsə də, biz həmişə 10 addım öndəyik".
Müəllif: Tural


