Dünya · Modern.az

Ermənistanın yeni Konstitusiyası Azərbaycanla müzakirə oluna bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanın yeni Konstitusiyası Azərbaycanla müzakirə oluna bilər
Ermənistanın yeni Konstitusiyası Azərbaycanla müzakirə oluna bilər

Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin imzalanması və yeni Konstitusiyanın qəbul edilməsi proseslərinin eyni vaxtda həyata keçirilməsi imkanının müzakirəsindən imtina etmir.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, müxalifət Konstitusiya dəyişiklikləri məsələsini Azərbaycanla sülh sazişinin imzalanması prosesi ilə əlaqələndirib və belə bir ssenarinin mümkün nəticələri ilə bağlı bir sıra suallar qaldırıb.

“Bunlar maraqlı suallardır və nəzəri baxımdan onlara veriləcək cavablar müəyyən həll yoluna gətirib çıxara bilər. Gətirib çıxara da bilər, çıxarmaya da”, – deyə Rubinyan qeyd edib.

Bu cavabların Azərbaycandan gəlməli olub-olmadığı ilə bağlı dəqiqləşdirici suala isə vitse-spiker belə cavab verib:

“Hər yerdən gələ bilər”.

Rubinyan yeni Konstitusiyanın qəbulu prosesinin dalana dirəndiyi barədə fikirləri də təkzib edib. Onun sözlərinə görə, hazırda gələcək addımlarla bağlı müxtəlif variantlar müzakirə olunur və buna görə də prosesin çıxılmaz vəziyyətə düşdüyünü söyləmək üçün əsas yoxdur.

“Ermənistanın yeni Konstitusiyası olacaq, onun qəbul edilməsi təklif olunur”, – deyə Rubinyan bildirib.

O əlavə edib ki, yeni Konstitusiya layihəsinin mətni ictimaiyyətə açıqlanacaq.

Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ehtimalına toxunan Rubinyan bunun qüvvədə olan əsas qanuna dəyişiklik edilməsi deyil, tamamilə yeni sənədin hazırlanması prosesi olduğunu izah edib.

“Konstitusiyadan Müstəqillik Bəyannaməsini, eləcə də ona istinadı çıxarmaq mümkün deyil. Bunun sadə səbəbi var: yeni Konstitusiya sıfırdan yazılır”, – deyə o bildirib.

R.Rubinyan müxalifət deputatlarına yeni Konstitusiya layihəsinin əleyhinə olsalar belə, referendumun təyin edilməsi üçün zəruri səs sayını təmin etməyi təklif edib.

Onun sözlərinə görə, bundan sonra müxalifət yeni Konstitusiyanın qəbul edilməsinə qarşı kampaniya apara bilər.

Vitse-spiker müxalifətin sənədi rədd etmək hüququnu tanıdığını bildirib. Bununla belə, layihənin məzmunu ilə tanış olmadan ona qarşı çıxmağı məntiqsiz hesab edib.

R.Rubinyan referendumda yeni Konstitusiya layihəsinin rədd ediləcəyi təqdirdə hakimiyyət üçün siyasi nəticələrin də yarana biləcəyini istisna etməyib.

Bu kontekstdə o, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərini xatırladıb. Həmin vaxt parlamentdə çoxluğa malik olan hakim siyasi qüvvə siyasi böhranın həllini seçicilərin mühakiməsinə vermək qərarına gəlmişdi.

Bununla yanaşı, Rubinyan xarici işlər naziri Ararat Mirzoyanın daha əvvəl səsləndirdiyi ssenarinin əvvəlcədən razılaşdırılmış təklif olmadığını dəqiqləşdirib.

Söhbət müxalifətə referendumun keçirilməsində kömək göstərilməsi və yeni Konstitusiya rədd ediləcəyi təqdirdə hakimiyyətin mümkün istefasından gedir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyanın qəbulunda müxalifətin dəstəyini ictimai təzyiq yolu ilə əldə edəcəyini bəyan etmişdi.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑