Birləşmiş Millətlər Təşkilatının (BMT) 2026-cı il üzrə qlobal risklərlə bağlı hesabatında dünyanı gözləyən əsas təhdidlər açıqlanıb. Hesabata görə, sorğu iştirakçılarının 76 faizi qarşıdakı yeddi il ərzində genişmiqyaslı müharibənin baş verə biləcəyini düşünür.
Publika.az xəbər verir ki, 19 fevral - 24 aprel 2026-cı il tarixlərində keçirilən sorğuda 1300 cavab təhlil edilib.
2024-cü ildəki nəticələrlə müqayisədə genişmiqyaslı müharibə ehtimalına dair gözlənti 16 pillə yüksəlib. İştirakçıların 36 faizi isə belə bir müharibənin qarşıdakı 12 ay ərzində baş verə biləcəyini bildirib.
Hesabatda geosiyasi gərginliklər, dezinformasiya, qlobal maliyyə böhranı və təchizat zəncirlərinin çökməsi əsas risklər sırasında göstərilib. İqlim dəyişikliyi ilə mübarizədə uğursuzluq da ən mühüm qlobal təhdidlərdən biri kimi qiymətləndirilib.
Sorğu iştirakçılarının 86 faizi risklərin azaldılması və qarşısının alınması üçün ayrılan maliyyəni yetərsiz hesab edib. Hesabata əsasən, beynəlxalq sistemin ən az hazırlıqlı olduğu sahə texnoloji risklərdir.
Hesabatda Avropa və Şimali Amerikada müharibə ehtimalı, geosiyasi gərginliklər və süni intellektlə bağlı risklər ön plana çıxır. Mərkəzi və Cənubi Asiyada müharibə və kütləvi qırğın silahları, Şərqi və Cənub-Şərqi Asiyada isə maliyyə böhranı və texnoloji gücün müəyyən aktorların əlində cəmləşməsi əsas təhdidlər sırasındadır.
Müəllif: Roza




