Dünya · Editor.az

Paşinyanın 2031-ci il hesabı: Ermənistan nəyi gözləyir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyanın 2031-ci il hesabı: Ermənistan nəyi gözləyir? xəbəri üçün şəkil

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından əsas məsələlərdən biri olaraq qalır. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın sazişin imzalanmasının 2031-ci ilədək uzana biləcəyinə dair səsləndirdiyi fikirlər rəsmi İrəvanın sülh prosesinə nə dərəcədə hazır olduğu barədə suallar yaradır. Belə bir yanaşma Ermənistanın daxili siyasi çətinlikləri, xarici güc mərkəzlərinin təsiri və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətindəki gözləntiləri kontekstində də diqqətlə təhlil edilməlidir. Xüsusilə, Azərbaycanla Türkiyə arasında münasibətlərə dair bəzi media orqanlarında yayılan iddiaların fonunda İrəvanın bu mövqeyi regional proseslərə təsir göstərmək cəhdi kimi də qiymətləndirilə bilər. Bəs Paşinyan hökuməti vaxt qazanmaqla nəyə nail olmağa çalışır və Ermənistanın qarşısında duran əsas siyasi seçimlər hansılardır?

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Paşinyanın bəyanatı gözlənilməz xarakter daşısa da, Ermənistanın hazırkı siyasi mövqeyi və sülh prosesinə yanaşması fonunda təəccüblü deyil.

“Əlbəttə, bu bəyanat təkcə Azərbaycanda deyil, ilk növbədə Ermənistanın özündə, eləcə də region ölkələrində əks-səda doğurur. Faktiki olaraq, Ermənistanın siyasi rəhbərliyinin qarşıya qoyulan tələblər və həlli qaçılmaz olan məsələlər fonunda süründürməçi mövqe sərgilədiyinin şahidi oluruq. Ermənistan, belə demək mümkündürsə, hazırlıq səviyyəsi yetərli olmayan tələbəni xatırladır. Sanki əlavə möhlət qazanmaqla əsas imtahanın vaxtını uzatmağa çalışır. Amma elə məsələlər var ki, onların həllini müəyyən müddətə təxirə salmaq mümkün olsa da, onlardan imtina etmək və ya onların həllindən yayınmaq mümkün deyil. Sülh məsələsi də məhz bu qəbildəndir.

Hesab edirəm ki, ilk növbədə, Ermənistanın siyasi subyektliyi hələ də tam formalaşmayıb. Ermənistan əvvəlki kimi kənardan, xarici mərkəzlərdən təlimatlar alır. Digər tərəfdən, qəbul edəcəyi hər bir qərarı dərindən götür-qoy edir və müxtəlif güc mərkəzlərinin razılığını qazanmağa çalışır.

Digər tərəfdən, Ermənistanın həm daxili, həm də xarici siyasətində ciddi boşluqlar mövcuddur. Məsələn, Avropa ilə Şərq qütbü arasında seçim etmək üçün Ermənistan hətta referendum keçirməyi planlaşdırırdı. Azərbaycanın haqlı tələbləri, o cümlədən qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı məsələlər üzrə də Ermənistanda referendum keçirilməsi ehtimalı müzakirə olunurdu. Hər halda, Nikol Paşinyan bəzi məqamlarda referendumların keçirilə də, keçirilməyə də biləcəyini bildirir.

Avropa istiqamətində seçimlə bağlı məsələ barədə də son vaxtlar açıqlamalar verib, Moskva qarşısında isə belə bir referendumu keçirə bilməyəcəklərinə işarə edib. Yəni belə bir addıma siyasi ehtiyacın olub-olmadığı sual altındadır.

Əsas yanaşma ondan ibarətdir ki, guya rəsmi İrəvan balanslaşdırılmış, çoxvektorlu siyasət yürüdür. Əslində isə Ermənistan Azərbaycanın siyasətini təqlid etməyə çalışır. Lakin Azərbaycan həm məzmun, həm də forma etibarilə vahid və ardıcıl mövqe nümayiş etdirir. Bu mövqe regionda yaratdığımız yeni reallıqlara əsaslanır. Ermənistanda isə ciddi boşluqlar var.

Görürük ki, rəsmi İrəvanın sözləri ilə əməlləri üst-üstə düşmür. Digər tərəfdən, problemlərin həllindən yayınaraq vaxt qazanmağa çalışırlar. Vaxt qazanmaq müəyyən mənada anlaşılan görünə bilər, amma əsas sual budur: Ermənistan bunu nəyin naminə edir? Hansı qərarları vermək və hansı nəticələrə nail olmaq üçün vaxt qazanır? Məhz bu məqamlar şübhə doğurur”.

Politoloq bildirib ki, Azərbaycan və Türkiyə bu məsələlərdə həmişə vahid mövqedən çıxış ediblər. Onun sözlərinə görə, 2009-cu ildə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi zamanı bu prinsip mühüm əhəmiyyət daşıyıb.

“Xatırlayırsınızsa, 2009-cu ildə rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Sürix protokollarını imzalamağı planlaşdırırdı. Lakin Azərbaycanın siyasi qətiyyəti, eləcə də Türkiyədə Azərbaycana böyük rəğbət və inam bəsləyən qüvvələrin mövqeyi Ermənistanla barışıq məsələsində vahid yanaşmanın vacibliyini ortaya qoydu.

Mövqe belə idi: ya Azərbaycanla Ermənistan arasında, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ümumi şəkildə həyata keçirilməli, ya da bu proseslərin heç biri baş tutmamalıdır. Nəticədə ikinci yanaşma üstünlük qazandı. Bu mövqe həm Azərbaycan, həm Türkiyənin bir sıra siyasi dairələri, həm də Türkiyə ictimaiyyəti üçün daha məqbul hesab edildi.

Bu gün də rəsmi İrəvanın məqsədlərindən biri Türkiyə ilə sərhədlərin mümkün qədər tez açılmasına nail olmaqdır. Çünki bu, Ermənistan üçün su-hava kimi vacib olan iqtisadi imkan yarada bilər. Türkiyə biznesinin və investisiyalarının Ermənistana axını başlasa, Ermənistan iqtisadi və sosial vəziyyətini müəyyən qədər normallaşdırmaq imkanı əldə edər. Beləliklə, ölkə iqtisadi baxımdan əlavə dəstək mənbəyinə bağlanmış olar.

Amma bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır: ya normallaşma prosesi ümumi xarakter daşımalı, ya da mövcud vəziyyəti müəyyən müddətə pauzaya qoymaq daha məqsədəuyğun görünür.

Təbii ki, burada Ermənistanın siyasi rəhbərliyinin və hazırkı hakim partiyanın seçkilərdən sonrakı vəziyyəti də nəzərə alınmalıdır. Ölkə daxilində parçalanma meyilləri güclənir, xarici qüvvələrin müdaxiləsi də özünü göstərir. Burada Rusiya dairələrinin, Fransanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının təsirlərindən söhbət gedir. Bütün bunları nəzərə aldıqda aydın olur ki, hər bir güc mərkəzi və paytaxt Ermənistanın zəifliklərindən istifadə edərək öz maraqları naminə mümkün qədər çox siyasi dividend əldə etməyə çalışır.

Hələlik vəziyyət bundan ibarətdir. Azərbaycan isə bu məsələyə səbir və təmkinlə yanaşır. Əlbəttə, Nikol Paşinyanın siyasi mövqelərinin hazırda o qədər də güclü olmadığını başa düşürük. Əgər hakim partiya seçkilərdə mütləq çoxluq qazansaydı və müxalifətin təzyiqlərindən daha az asılı olsaydı, vəziyyət fərqli ola bilərdi. Lakin bu, baş vermədi.

Ona görə də hazırda iki siyasi qüvvə — Ermənistan bloku və Güclü Ermənistan — fəallaşaraq əks-hücuma keçib. Onlar parlament müzakirələrində və taleyüklü qərarların qəbul edilməsi prosesində rəsmi İrəvana problemlər yaratmağa, Azərbaycanla yaxınlaşmanın qarşısını almağa çalışacaqlar. Çünki həmin qüvvələr revanşist düşərgəni təmsil edir və radikal mövqelərdən çıxış edirlər. Onlar üçün Çexx-karanizm ideologiyası və Qaregin Njdenin mənfur baxışları daha böyük əhəmiyyət daşıyır.

Ancaq bir məqamı unutmamalıyıq: Azərbaycanın Ermənistanı sülhə sövq etmək üçün istifadə etdiyi təsir mexanizmləri öz qüvvəsini saxlayıb və saxlayacaq. Ermənistan bunu yaddan çıxarmamalıdır”.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑