Ukrayna, ABŞ və Rusiya liderləri arasında üçtərəfli görüş müharibəyə tezliklə son qoymağa kömək etməyəcək, əksinə, Putini hərbi əməliyyatları davam etdirməyə daha da həvəsləndirəcək.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Naziri Andriy Sibiqa bildirib.
Onun sözlərinə görə, Rusiya prezidentini belə bir görüşə dəvət etmək ona "layiq olmadığı" beynəlxalq statusu qazandırar.
"Putin dünya lideri deyil, o, hərbi cinayətkardır. Rusiya qlobal güc deyil, qlobal problemdir", - deyə Sibiqa vurğulayıb.
Ukrayna Xarici İşlər Naziri, həmçinin Rusiyanın ABŞ və Çinlə müqayisədə iqtisadiyyatına diqqət çəkərək qeyd edib ki, Rusiya bu sahədə ABŞ və Çindən xeyli geri qalır, əhalisinin həyat səviyyəsi isə getdikcə pisləşir.
"İstər praqmatik, istərsə də mənəvi baxımdan, Putinin prezidentlər Tramp və Si Tsinpinlə eyni masada yeri yoxdur", - deyə Sibiqa vurğulayıb.
Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bildirmişdi ki, APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderləri arasında görüşün keçirilməsi ehtimalı müzakirə olunur.
Bizim.Media






