“Barselona”nın müdafiəçisi Alejandro Balde qış transfer pəncərəsində Kataloniya klubunu tərk etməyə hazırlaşır. Baş məşqçi Hans-Diter Flikin qərarlarından narazı olan 23 yaşlı futbolçunun vəziyyəti İngiltərə Premyer Liqasının bir neçə klubunun, o cümlədən “Mançester Yunayted”in diqqətini cəlb edib.
Publika.az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” nəşrinin məlumatına görə, Balde əsas heyətdə müntəzəm forma geyinmək və özünəinamını bərpa etmək üçün uşaqlıqdan çıxış etdiyi klubdan ayrılmağı nəzərdən keçirir. O, bu mövsüm Joao Kanselo və Xavi Espartın gerisində qalıb və hələlik heç bir oyuna start heyətində başlamayıb.
Flickin futbolçu ilə bağlı son açıqlamaları da narazılığı artırıb. Almaniyalı mütəxəssis Baldenin hazırda özünəinam və qətiyyət baxımından çatışmazlıqlar yaşadığını bildirib. Bu fikirlər baş məşqçinin daha əvvəl müdafiəçiyə dəstək verən açıqlamalarından fərqlənib.
Məlumata görə, Balde komandanın əsas heyətindəki mövqeyini media vasitəsilə öyrənməsindən də narazıdır. Klub daxilində onun oyun vaxtının azalması və mövqeyindəki rəqabətlə bağlı narahatlıqların olduğu bildirilir.
“Mançester Yunayted”lə yanaşı, digər İngiltərə klubları da ötən yay futbolçunun vəziyyəti ilə maraqlanıb. Balde özü də karyerasını Premyer Liqada davam etdirmək variantına müsbət yanaşır.
İspaniya klubu isə futbolçunu icarəyə vermək niyyətində deyil. “Barselona” Baldenin mümkün gedişindən müdafiə xəttini yenidən gücləndirmək üçün maliyyə mənbəyi kimi istifadə etmək istəyir. Buna görə də yanvarda transfer baş tutarsa, söhbət böyük ehtimalla birdəfəlik satışdan gedəcək.




