ABŞ Hərbi Hava Qüvvələrinin inventarında cəmi iki ədəd olan “RC-135U Combat Sent” tipli strateji kəşfiyyat təyyarələrindən biri son 24 saat ərzində Yaxın Şərqə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, bu addım Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyata hazırlığının tərkib hissəsi kimi qiymətləndirilir.
Sözügedən təyyarə düşmən ərazisindəki radar və hava hücumundan müdafiə sistemlərinin yaydığı siqnalları aşkar etmək və təhlil etmək üçün istifadə olunur.
Qeyd edək ki, oktyabrın 31-də İsrail mətbuatında ABŞ-ın İsrailə 10 hərbi nəqliyyat və 80 yanacaqdoldurma təyyarəsi göndərdiyi barədə məlumatlar yayılmışdı. ABŞ mətbuatının iddialarına görə, Vaşinqton bəzi Körfəz ölkələrini noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərindən sonra qısamüddətli, lakin intensiv hərbi toqquşma və ya hücum ehtimalına qarşı hazırlıqlı olmağa çağırıb.
Müəllif: Roza


