ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatların vaxtı ilə bağlı qiymətləndirmə apardığı və orduya hazırlıq əmri verildiyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı mümkün hücumların davam etdirilməsi üçün hazırlıqları tamamlamaq göstərişi verib.
Məlumata görə, CENTCOM-a konkret hücum tarixi açıqlanmayıb. Lakin ABŞ və İsrail mənbələri əməliyyatların ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən və İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl baş verə biləcəyini istisna etmirlər.
Mənbələr mümkün hücumların davam etdiriləcəyi təqdirdə İranın enerji infrastrukturu və nüvə obyektlərinin əsas hədəflər arasında ola biləcəyini bildiriblər.
Ağ Ev rəsmisi isə İranın iqtisadi vəziyyətinin ağırlaşdığını və ABŞ-ın Hörmüz boğazına nəzarət məsələsində güclü mövqedə olduğunu deyib.
“Tramp bütün rıçaqları əlində saxlayır və ABŞ üçün ən yaxşı olanı edəcək”, - deyə Ağ Ev rəsmisi qeyd edib.
Müəllif: Roza



