Rusiyanın Altay bölgəsində ayı 15 yaşlı yeniyetməyə hücum edərək ağır xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, başından ciddi xəsarət almasına baxmayaraq, yeniyetmə sağ qalıb.
O, orta ağırlıqlı vəziyyətdə Biyskdəki xəstəxanaya çatdırılıb.
"Baza" teleqram kanalının məlumatına görə, yeniyetməni ayı hücumundan partlayan telefon xilas edib.
Belə ki, 15 yaşlı oğlan və dostu arı pətəklərini yoxlamaq üçün meşəyə gediblər. Bu zaman onların qarşısına ayı çıxıb. Yeniyetmə ağaca dırmaşsa da, ayı ona çatıb və hücum edərək parçalamağa başlayıb. Hücum zamanı yırtıcı oğlanın telefonuna zərər vurub. Nəticədə cihaz partlayıb və heyvanı qorxudaraq qaçırıb.
Oğlan hazırda xəstəxanadadır. Ayı onun baş və bədəninə xəsarət yetirib.
Qeyd edək ki, son günlər Rusiyada ayıların insanlara hücumları artıb.
Yerli mətbuatın məlumatına görə, ovçular yırtıcıları məhv etməyə çəkinir, çünki bu, ovçulara qazancdan daha çox maddi ziyan vurur.
Bundan əlavə, ölkədəki qanun yaşayış məntəqələri yaxınlığında ayıların vurulmasını qadağan edir. İstisna yalnız heyvanın birbaşa hücum etdiyi hallar üçün nəzərdə tutulub. Ovçular hesab edirlər ki, qışda vəziyyət daha da pisləşəcək, çünki ac ayılar mütəmadi olaraq insanların yaşadığı ərazilərə daxil olacaqlar.

Bizim.Media






