ABŞ ordusu mümkün genişmiqyaslı müharibə şəraitində hərbi bazalarının xarici dəstək olmadan ən azı 90 gün fəaliyyət göstərə bilməsini hədəfləyir.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilib ki, Pentaqonun yeni strategiyası ABŞ-ın materik ərazisindəki böyük hərbi bazaların müstəqil fəaliyyət qabiliyyətinin artırılmasını nəzərdə tutur. “FORTRESS” adlı proqram çərçivəsində kritik hərbi materiallar üçün ən azı iki etibarlı təchizat və ya istehsal mənbəyinin yaradılması da planlaşdırılır.
Qərarın Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin istifadə etdiyi obyektlərə İranın hücumlarından sonra yaranan ciddi logistika problemləri fonunda gündəmə gəldiyi bildirilir.
Proqram enerji müstəqilliyi, təchizat zəncirinin dayanıqlılığı, strateji ehtiyatlar, fiziki mühafizə, kibertəhlükəsizlik və kosmosda dayanıqlılıq kimi istiqamətləri əhatə edir.
Pentaqon mümkün müharibə zamanı elektrik şəbəkələrinin sıradan çıxması və təchizat zəncirlərinin pozulması risklərini azaltmağa çalışır. Bu məqsədlə hərbi bazalarda kiçik nüvə reaktorlarından və böyük batareya sistemlərindən istifadə edilməsi nəzərdən keçirilir. Həmçinin, mülki fabriklərin fövqəladə vəziyyətdə müdafiə sənayesi üçün istehsala keçməyə hazır olması planlaşdırılır.
Müəllif: Roza




