Çin Kommunist Partiyasında (ÇKP) görünməmiş sayda məmur partiyadan xaric edilib. Si Cinpinin rəhbərliyi dövründə aparılan kadr təmizləmələrinin miqyası diqqət çəkir.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, bu həftə keçirilən ÇKP Mərkəzi Komitəsinin beşinci plenumunda 33 üzv partiyadan çıxarılıb. Plenumda 2022-ci ildə təyin edilmiş 376 nəfərdən yalnız 279-u iştirak edib. Beləliklə, ilkin heyətin 25 faizindən çoxu toplantıda iştirak etməyib. Nəşr bunu müasir Çin tarixində ən çox boş qalan yerlərin qeydə alındığı plenum kimi qiymətləndirib.
Partiyadan çıxarılanlar arasında Çinin hərbi iyerarxiyasında keçmiş rəhbər müavini Çjan Yusi və Sincan-Uyğur Muxtar Rayonunun keçmiş partiya rəhbəri Ma Sinjuy da var.
2012-ci ildə hakimiyyətə gələn Si Cinpin korrupsiyaya qarşı mübarizəni əsas prioritetlərindən birinə çevirib. Son illərdə bu kampaniya daha da genişlənib, yüksəkvəzifəli partiya və hərbi rəsmilər də vəzifələrindən uzaqlaşdırılıb.
Qeyd edək ki, təmizləmələr nəticəsində Çinin Mərkəzi Hərbi Şurasının yeddi üzvündən yalnız ikisi - Si Cinpin və korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edən Çjan Şenmin qalıb.
Nəşrin məlumatına görə, növbəti il keçiriləcək ÇKP-nin 21-ci qurultayında partiyanın rəhbər orqanlarında kadr dəyişiklikləri gözlənilir. Si Cinpinin isə dördüncü müddətə yenidən partiya rəhbəri seçilməsi gözlənilir.
Müəllif: Adəm



