Dünya · Ölkə.az

Rusiyada erməni iş adamlarının adı milyardlıq korrupsiya qalmaqalında 

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada erməni iş adamlarının adı milyardlıq korrupsiya qalmaqalında  xəbəri üçün şəkil

Ölkə.az Musavat.com-a istinadla xəbər verir ki, "Murmanskvodokanal" dövlət müəssisəsinin keçmiş direktoru Andranik Musatyanın həbs edildiyi bildirilir.

Veirlən iddialara görə, Moskvanın Meşşanski Rayon Məhkəməsi Musatyan barəsində həbs qətimkan tədbiri seçib. O, Murmansk qubernatoru Andrey Çibisin yaxın adamlarından biri kimi təqdim olunur.

800 milyon rublluq "qızıl hamam" qalmaqalı

Araşdırmanın əsas epizodlarından biri Murmanskda şəhər hamamının yenidən qurulması üçün ayrılmış 800 milyon rublla bağlıdır.

Bildirilir ki, "Qorodskiye bani" ("Şəhər hamamları") MMC heç bir tender keçirilmədən yerli hakimiyyətlə 800 milyon rublluq müqavilə bağlayıb.

Halbuki söhbət cəmi 1800 kvadratmetr sahəsi olan hamam kompleksindən gedir. Smeta sənədləri ilə tanış olan ekspertlərin fikrincə, layihənin dəyəri təxminən dörd dəfə şişirdilib.

Təkcə layihə sənədlərinin hazırlanmasına 83 milyon rubl ayrılıb. Mənbələr bildirirlər ki, bu məbləğə səkkiz ümumtəhsil məktəbinin rekonstruksiya layihəsini hazırlamaq mümkün olardı.

Bütün bunlar Murmansk vilayətində büdcə çatışmazlığı səbəbindən xəstəxanalarda tibb işçilərinin, məktəb və uşaq bağçalarında isə əməkdaşların ixtisar edildiyi dövrdə baş verib.

"VÇK-OGPU"nun iddiasına görə, maliyyə sxeminə qubernatorun etibarlı adamı, Murmansk vilayəti hökumətinin nümayəndəliyinin keçmiş rəhbəri Aşot Bablumyan nəzarət edib.

Layihənin həyata keçirilməsində isə Andranik Musatyan əsas fiqurlardan biri olub.

Maraqlıdır ki, 800 milyon rublluq müqaviləni əldə edən şirkətin təsisçisi Musatyanın şəxsi sürücüsü Stanislav Markov olub. Nəşrin məlumatına görə, Markov əvvəllər Murmanskdakı "Myata" kafesinə silahlı hücumda iştirakına görə məhkum edilib.

Erməni iş adamlarının adı 1 milyard rublluq cinayət işində

Murmanskda korrupsiya araşdırmaları təkcə «qızıl hamam» layihəsi ilə məhdudlaşmır.

Rusiyanın TASS agentliyinin məhkəmə materiallarına əsaslanan məlumatına görə, Aşot Bablumyan xüsusilə külli miqdarda dələduzluqda və təxminən 1 milyard rublun qanunsuz şəkildə Rusiyadan xaricə çıxarılmasında ittiham olunur.

İstintaqın versiyasına əsasən, Bablumyan 2022-ci ildən gec olmayaraq dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi məqsədilə mütəşəkkil cinayətkar qrup yaradıb.

Həmin qrupun üzvlərindən biri Murmanskda 11 şirkətin təsisçisi olan sahibkar Oqanes Şankoyan hesab edilir.

İstintaq bildirir ki, Şankoyan dövlət satınalmalarında iştirak edən və büdcə təşkilatları ilə müqavilələr bağlayan şirkətlərin fəaliyyətini əlaqələndirib. Daha sonra vəsaitlər saxta sənədlər əsasında xarici şirkətlərin hesablarına köçürülüb.

Məsələn, Şankoyanın nəzarətində olduğu bildirilən "Akvarium" MMC-dən Qırğızıstandakı "Aziya Trans Trevel" şirkətinə 49 əməliyyat vasitəsilə təxminən 1 milyard rubl göndərilib. İstintaqın məlumatına görə, həmin şirkət Rusiyaya heç bir mal tədarük etməyib.

Digər epizodda "Sever Stroy" şirkəti Murmanskda uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzin təmiri üzrə 132,7 milyon rublluq dövlət müqaviləsi əldə edib. Şirkətə 38,8 milyon rubl avans ödənilsə də, işlərin yerinə yetirilmədiyi və vəsaitin geri qaytarılmadığı bildirilir.

Bablumyan və Şankoyan Moskvanın Meşşanski Rayon Məhkəməsinin qərarı ilə həbs ediliblər. Oktyabrın əvvəlində onların həbs müddətinin uzadıldığı da açıqlanıb.

Şankoyanın qardaşı da axtarışdadır – 23 milyon rublluq yeni qalmaqal

Araşdırmalarda daha bir iş adamının – Mesrop Şankoyanın adı ortaya çıxıb.

O, həbsdə olan Oqanes Şankoyanın qardaşıdır.

Rusiya İstintaq Komitəsi 2026-cı ilin iyulunda Mesrop Şankoyanı axtarışa verib.

İstintaqın məlumatına görə, o, "Magistral" MMC-nin faktiki rəhbəri kimi 2021–2024-cü illərdə vergi bəyannamələrinə bilərəkdən yanlış məlumatlar daxil edib və 23 milyon rubldan artıq əlavə dəyər vergisini ödəməkdən yayınıb.

Oktyabrın 28-də məlum olub ki, Federal Vergi Xidməti Mesrop Şankoyanın rəhbərlik etdiyi "Murmanskavtotrans" şirkətinin müflis elan edilməsi üçün məhkəməyə müraciət edib.

Şirkətin vergi və digər məcburi ödənişlər üzrə borcu 6,2 milyon rubldan artıqdır.

Maraqlıdır ki, həmin şirkətin digər təsisçilərindən biri də həbsdə olan Oqanes Şankoyandır.

Qubernator Çibisin ətrafında həbslər genişlənir

Rusiya mediasının məlumatına görə, Andranik Musatyan qubernator Çibisin hakimiyyəti dövründə kommunal müəssisələrdə, enerji şirkətlərində, rayon administrasiyalarında və yerli deputat şuralarında özünə yaxın şəxsləri rəhbər vəzifələrə yerləşdirməyə çalışıb.

Beləliklə, Murmanskda korrupsiya araşdırmaları çərçivəsində Aşot Bablumyan və Oqanes Şankoyan həbs edilib, Mesrop Şankoyan axtarışa verilib, Andranik Musatyanın da həbs olunduğu barədə məlumat yayılıb.

Bu hadisələr qubernator Andrey Çibisin yaxın siyasi və biznes çevrəsindəki əlaqələrin yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.

Qeyd edək ki, adıçəkilən şəxslərlə bağlı cinayət xarakterli iddiaların hamısı məhkəmənin yekun hökmü ilə təsdiqlənməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑