Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Məlumata görə, telefon danışığı zamanı Ukrayna böhranının nizamlanması perspektivlərinə xüsusi diqqət ayrılıb. Həmçinin İran ətrafındakı vəziyyət və ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.
"Dünya energetikasındakı vəziyyət müzakirə edilərkən Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Əminəm ki, bu, qlobal iqtisadiyyata müsbət təsir göstərəcək", - deyə Putin bildirib.
Bundan əlavə, prezidentlər şəxsi təmasları, eləcə də prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumlar arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, oktyabrın 9-da Tramp Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, noyabrda daha 500 min ton, bundan dərhal sonra isə bir milyon ton yanacaq göndərilməsi nəzərdə tutulur. Bundan əlavə, Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, yaxın müddətdə daha üç milyon ton yanacağın tədarükü planlaşdırılır.
Həmin gün ABŞ Maliyyə Nazirliyi rusiyamənşəli dizel yanacağının satışı, tədarükü, boşaldılması və idxalı, o cümlədən ABŞ-yə idxalı ilə bağlı əməliyyatlara icazə verən 135 nömrəli ümumi lisenziya yayımlayıb.
Lisenziya 2027-ci il aprelin 7-dək qüvvədədir. Bununla belə, sənəd Rusiya Mərkəzi Bankının, Milli Rifah Fondunun və Rusiya Maliyyə Nazirliyinin ABŞ maliyyə qurumlarındakı hesablarından vəsait çıxarılmasına icazə vermir.






