Ölkə.az xəbər verir ki, ilkin hesablamalara əsasən, Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə 55, əsas rəqibi “Yaşar” Partiyasının lideri Qadi Eizenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 49 mandat qazanır. Ərəb partiyalarının ümumilikdə 16 mandat əldə edəcəyi gözlənilir.
Partiyalar üzrə ilkin nəticələrə görə, Netanyahunun rəhbərlik etdiyi “Likud” 27, Eizenkotun “Yaşar” Partiyası isə 20-21 mandat qazanır.
Beləliklə, heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təmin edə bilmir. Bu isə İsraildə yeni koalisiya danışıqlarını qaçılmaz edir.
Seçkilərdə rekord fəallıq qeydə alınıb. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra ilk dəfə keçirilən parlament seçkilərində seçici fəallığı 77,7 faizə çatıb. Bu, son iyirmi ildən artıq dövrün ən yüksək göstəricilərindən biridir.
Seçkilər həm də Netanyahunun siyasi gələcəyini müəyyənləşdirən mühüm sınaq kimi qiymətləndirilir.
Səsvermə günü tərəfdarlarını fəal olmağa çağıran Netanyahu seçkiləri “ölüm-dirim məsələsi” adlandırıb.
Oktyabrın 28-nə keçən gecə Qüdsdə tərəfdarları qarşısında çıxış edən Baş nazir İsrailin son üç ildəki hərbi nailiyyətlərindən danışıb və İrandakı hakimiyyətə qarşı mübarizəni sona çatdıracağına söz verib.
Netanyahu eyni zamanda ərəb partiyalarının dəstəyinə əsaslanan hökumətin qurulmamalı olduğunu bildirib.
Onun əsas rəqibi Qadi Eizenkot isə seçkilərin nəticələrini ölkədə siyasi dəyişikliklərə ictimai tələbatın göstəricisi kimi qiymətləndirib.
“Bu gün İsrail qarşıdakı illərdə ölkəyə kimin rəhbərlik edəcəyi ilə bağlı referendum keçirib. Xalq dəyişikliyin lehinə səs verib”,-Eizenkot Təl-Əvivdə tərəfdarları qarşısında çıxışında deyib.
O, yeni hökuməti formalaşdıracağına söz verərək israillilərə “yeni bir dövr-ümid dövrü” vəd edib.
İndi əsas diqqət 16 mandat qazanacağı gözlənilən ərəb partiyalarının mövqeyinə yönəlib. Onların mümkün koalisiya danışıqlarındakı mövqeyi yeni hökumətin formalaşmasına təsir göstərə bilər.
Səslərin hesablanması başa çatdıqdan sonra İsrail Prezidenti İsaak Hersoq parlamentdə təmsil olunan partiyalarla məsləhətləşmələr apararaq hökuməti qurmaq üçün namizədə mandat verəcək.
Beləliklə, Netanyahu seçkilərdə ilkin üstünlük əldə etsə də, onun Baş nazir postunu qoruyub saxlayacağı hələlik qeyri-müəyyəndir.
Mürtəza

