Dünya · Editor.az

Pezeşkian azərbaycanlılarla bağlı qərara hazırlaşır? – Bakı hərəkətə keçə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian azərbaycanlılarla bağlı qərara hazırlaşır? – Bakı hərəkətə keçə bilər xəbəri üçün şəkil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi İran Prezidenti Məsud Pezeşkiana müraciət edib. Onlar İranda yaşayan azərbaycanlıların ana dilində təhsil alması, Azərbaycan dilində məktəblərin açılması və mətbuatın inkişafı ilə bağlı çağırış ediblər. Alimlər bu məsələlərin həlli üçün İran rəhbərliyinin dövlət səviyyəsində addımlar atmasının vacibliyini vurğulayıblar.

İranda Azərbaycan dilində təhsilin qarşısında hansı maneələr var? Pezeşkiana müraciətdən sonra vəziyyət dəyişə bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Məzahir Məmmədli deyib ki, sözügedən təşəbbüsün qısa müddətdə nəticə verəcəyi gözlənilmir:

“İran dövlətinin başında kimin olmasından asılı olmayaraq, orada yaşayan azərbaycanlıların ana dilində təhsil hüququnun tanınması istiqamətində ciddi dəyişiklik gözləmək çətindir. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Buna baxmayaraq, onların ana dilində ibtidai, ümumi orta və ali təhsil alması üçün müvafiq imkanlar yoxdur. Məsələni daha dərindən araşdırdıqda məlum olur ki, İranda ermənilər, ərəblər və digər azsaylı xalqlar üçün öz dillərində təhsil müəssisələri fəaliyyət göstərir. Lakin milyonlarla azərbaycanlının ana dilində, hətta ibtidai sinif səviyyəsində təhsil alması üçün lazımi proqram və məktəblər yoxdur”.

Ekspert bildirib ki, ölkəmizin İrandakı azərbaycanlılara hansı formada dəstək göstərə biləcəyi ilə bağlı da təşəbbüslər səsləndirilib:

“Fikrimcə, Azərbaycan bu istiqamətdə müəyyən dəstək verə bilər. Məsələn, tədris proqramlarının hazırlanması və dərs vəsaitlərinin təmin edilməsi mümkündür. Azərbaycan xaricdə yaşayan soydaşlarımızın təhsilinə dəstək göstərir. Avropanın bəzi ölkələrində fəaliyyət göstərən həftəsonu məktəbləri dərs vəsaitləri ilə təmin edilir. Gürcüstandakı Azərbaycan dilli məktəblərə də tədris vəsaitləri ödənişsiz verilir. Düşünürəm ki, belə bir təşəbbüs irəli sürülərsə, Azərbaycan hökuməti İrandakı azərbaycanlıların ana dilində təhsil almasına proqram və dərs vəsaitləri ilə dəstək göstərə bilər. Əsas məsələ bununla bağlı müvafiq təşəbbüsün ortaya qoyulmasıdır.

Məsud Pezeşkian azərbaycanlı olsa da, İranın uzun illərdir davam edən siyasətinə təsir göstərmək imkanları məhduddur. Buna görə də İrandakı azərbaycanlıların ana dilində təhsil hüququnun təmin edilməsi istiqamətində real dəyişikliklərə nail olunacağına çox da inanmıram”.

Ləman İmran
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑