İrəvanda konstitusiya böhranı: Paşinyan “parlamenti ləğv edəcəm” deyir

Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.
“Bakupost” xəbər verir ki, Paşinyan yeni konstitusiya layihəsi parlamentdə qəbul olunmazsa, növbədənkənar seçkilər məsələsinin alternativ yol kimi nəzərdən keçirilə biləcəyini bildirib.
Baş nazirin bu açıqlaması ölkənin ictimai-siyasi həyatında böyük rezonans doğurub, yerli siyasi dairələrdə və müxalifətdə müxtəlif müzakirələrə və tənqidlərə səbəb olub.
Bildirilir ki, müxalifət bir yana, iqtidar düşərgəsində belə növbədənkənar parlament seçkilərinə tənqidi yanaşanların sayı kifayət qədərdir.
Ermənistanda növbədənkənar parlament seçkiləri nə dərəcədə realdır? Keçirilsə Paşinyan komandası daha böyük üstünlük qazana bilərmi?
Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, Paşinyanın yeni konstitusiyanın qəbulu prosesində çətinlik yaranacağı təqdirdə növbədənkənar parlament seçkilərini istisna etməməsi əslində özündə parlament müxalifətinə təzyiqi və xəbərdarlığı ehtiva edir:
“Bu bəyanatın əsas səbəbi konstitusiya islahatının parlamentdə tələb olunan dəstəyi qazanması ilə bağlıdır.
Məlum olduğu kimi hazırda Paşinyanın “Mülki Müqavilə” partiyası Parlamentdə 105 yerdən 64-nə sahibdir. Bu nəticə hökumətin fəaliyyətini davam etdirməsinə imkan versə də, yeni Konstitusiyanın referendumuna çıxarılması üçün tələb olunan parlamentin üçdə iki səs çoxluğunu təmin etmir. Bunun üçün azı 70 deputatın dəstəyi lazımdır. Deməli, əsas problem hökumətin parlament çoxluğunu itirməsi deyil, konstitusiya islahatını irəli aparmaq üçün əlavə dəstəyə ehtiyac duymasıdır. Başqa sözlə, Paşinyan demək istəyir ki, ya mənə Konstitusiya dəyişikliyi üçün referendum keçirilməsinə dəstək verin, ya da mən bu dəstəyi təmin etmək üçün yeni seçkilər keçirmək məcburiyyətində qalacam”.
Ekspertin sözlərinə görə, Paşinyanın bu bəyanatına baxmayaraq iyunda keçirilmiş seçkilərdən cəmi bir neçə ay sonra yenidən səsverməyə getmək elə də asan deyil:
“Belə addımın atılması üçün hökumət mümkün siyasi nəticələri nəzərə almalıdır. Ümumən isə Paşinyanın bəyanatı hələ seçkilərin keçirilməsi barədə qərar qəbul edildiyini göstərmir. Yenə təkrar edirəm bu daha çox müxalifətə təzyiq göstərmək və konstitusiya dəyişikliklərinə dəstək əldə etmək cəhdidir”.
Paşinyan komandasının yeni seçkilərdə mövcud üstünlüyünü artırıb-artırmayacağına gəldikdə, müsahibimiz deyir ki, məsələyə birmənalı cavab vermək mümkün deyil:
“Hakimiyyətin mövcud parlament çoxluğu, dövlət siyasətini həyata keçirmək imkanları və seçki kampaniyasında sülh gündəliyini ön plana çıxarmaq potensial üstünlük yaradan amillərdir. Digər tərəfdən, yeni seçkilər hökumətin fəaliyyəti, iqtisadi vəziyyət, sosial narazılıq və Azərbaycanla sülh prosesinə dair qərarlar üzrə ictimai qiymətləndirmənin yenidən aparılması deməkdir. Buna görə iyun seçkilərində əldə edilmiş nəticənin avtomatik olaraq təkrarlanacağını və ya daha da yüksələcəyini söyləmək olmaz”.
Siyasi şərhçi hesab edir ki, Paşinyanın xaricdən, xüsusən də Avropa institutlarından sərt təpki gəlməyəcəyinə əmin olaraq seçkiləri saxtalaşdırmaq imkanları da var:
“Müxalifət də bunu kifayət qədər yaxşı dərk edir.
Buna görə də hazırkı mərhələdə seçkilərdən daha çox, onların keçirilməsi ehtimalının hakimiyyətlə müxalifət arasında siyasi təzyiq və danışıqlar vasitəsi kimi necə istifadə olunduğunu izləmək maraqlı olacaq”.
Rüfət Sultan,BakuPost
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



