Braziliyanın "Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatında "Baiya" ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu fasilə zamanı rəqib komandanın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə edərkən ağzını əli ilə örtüb və bu hərəkətinə görə cəzalandırılıb. "Baiya"nın oyunçusu Neymarın jesti barədə hakimi məlumatlandırıb. Hakim VAR-a baxdıqdan sonra Neymara qırmızı vərəqə göstərib və bu zaman "Vinisius qaydası" tətbiq olunub.
Birinci hissədə də Neymar Nestorla epizodda sarı vərəqə alıb.
Qeyd edək ki, "Vinisius qaydası" 2026 Dünya Çempionatından etibarən qüvvəyə minib və hakimlərə mübahisə zamanı ağzını əli ilə örtən oyunçunu meydandan kənarlaşdırmağı tapşırır. Bu qayda "Real Madrid"in futbolçusu Vinisius Juniorun Çempionlar Liqasında "Benfika"nın yarımmüdafiəçisi Canluka Prestyani tərəfindən irqçi ifadələrə məruz qalmasından sonra tətbiq olunub.





