Rusiya hökuməti gələn il xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3 010 müvəqqəti yaşamaq icazəsinin verilməsini nəzərdə tutan kvotanı təsdiqləyib.
News24.az xəbər verir ki, müvafiq qərarla ehtiyat icazələrin sayı da 1 140-dan 900-ə endirilib.
Ən çox icazə Moskva şəhəri və Moskva vilayəti üçün ayrılıb. Bu ərazilərdə müvafiq olaraq 500 və 250 nəfərə kvota çərçivəsində müvəqqəti yaşamaq icazəsi veriləcək.
Sankt-Peterburq üzrə kvota 100-dən 50-yə, Leninqrad vilayəti üzrə isə 50-dən 25-ə azaldılıb. Ən aşağı göstərici Yəhudi Muxtar Vilayəti, Tuva və Xakasiya respublikaları, həmçinin Kostroma vilayətində qeydə alınıb. Bu regionların hər birinə cəmi beş icazə ayrılıb.
Kvotalar hər il regionların iqtisadi durumu, miqrasiya vəziyyəti və yerli hakimiyyət orqanlarının təklifləri nəzərə alınmaqla müəyyənləşdirilir.
Qeyd edək ki, bəzi kateqoriyalardan olan əcnəbilər kvotadan kənar da müvəqqəti yaşamaq icazəsi ala bilərlər. Bunlara həmvətənlərin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları və ailə üzvləri, ölkənin dövlət təhsil müəssisələrini bitirmiş müəyyən kateqoriyadan olan şəxslər daxildir.
Rusiya vətəndaşı ilə ən azı üç il nikahda olan, yaxud həmin nikahdan doğulmuş və ya övladlığa götürülmüş ümumi uşağı olan əcnəbilər üçün də belə imkan nəzərdə tutulur. Buna görə təsdiqlənən kvota ölkədə yaşayan əcnəbilərin ümumi sayını əks etdirmir.




